Gürcü Arzusu: ATƏT-in cəriməni ödəməsini gözləyirik

96

“Gürcü Arzusu” partiyasının üzvü, parlamentin Avropa inteqrasiyası komitəsinin sədri Levan Maxaşvili Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenə tətbiq edilən 5000 lari məbləğində cərimə ilə bağlı suallara aydın cavab verə bilməyib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Maxaşvili jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, dövlət öz öhdəliklərini yerinə yetirib və bundan sonrakı addımlar artıq ATƏT sədrindən asılıdır:

“Dövlət öz öhdəliyini yerinə yetirdi, qalanı indi bu adamın üzərinə düşür. Bilmirəm, sizə dəqiq deyə bilmərəm. Maraqlıdır ki, bu şəxs ölkə daxilində sərbəst hərəkət edə bildi, hətta dövləti sərbəst şəkildə tərk etdi. Bütün bunlar Vyana Konvensiyası sayəsində baş verdi. Bu sənəd onu belə proseslərdən qoruyur.”

Deputat əlavə edib ki, bu hadisə gələcəkdə ATƏT-ə sədrlik edəcək dövlətlər üçün “nəyə icazə verilməli və nəyə verilməməli olduğuna” dair nümunə olmalıdır.

“Bu, başqa bir məsələdir – həmin şəxsin ölkəyə buraxılıb-buraxılmaması ilə bağlı qərarı müvafiq orqanlar verir. Onlar qiymətləndirirlər ki, bu və ya digər şəxsin Gürcüstanın ictimai prosesləri üçün təhlükə yarada biləcəyi varmı,” – Maxaşvili deyib.

Parlamentin digər üzvü Lado Bojadze isə bildirib ki, Gürcüstan tərəfi ATƏT-in cəriməni ödəməsini gözləyir:

“Belə hörmətsiz davranışa diplomatik səviyyədə cavab veriləcək. Biz ATƏT-in bu cəriməni ödəyəcəyini gözləyirik. Gürcüstan nümayəndə heyəti ATƏT Parlament Assambleyasında bu məsələni qaldırmağa hazırlaşır. Sual budur ki, belə addım ATƏT-lə razılaşdırılıb, yoxsa yox və sədr bu qədər sərt davranmağa səlahiyyətlidirmi?”

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi iki günlük susqunluqdan sonra Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenə 5000 lari məbləğində cərimə tətbiq olunduğunu “Pirveli” telekanalının məlumatını təsdiqləyərək açıqlayıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Fransa parlamenti baş nazir Sebastien Le Kornu hökumətinə etimadsızlıq təkliflərini rədd edib
Öncəki yazı
Elina Valtonen: “Gürcüstanın gələcəyi yalnız gürcü xalqından asılıdır”