“Türkiyə Ordusu NATO-nun ikinci, Azərbaycan Ordusu isə Cənubi Qafqazın birinci ən güclü ordusudur”.
QafqazTürk.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
Onun sözlərinə görə, bu il Azərbaycanla hərbi əlaqələrin qurulmasından 32 il ötür:
“Ümumilikdə il ərzində Türkiyə və Azərbaycan arasında 20-yə yaxın birgə hərbi təlim keçirilir. Bunlar havada, suda və quruda, həmçinin Xüsusi Təyinatlı Qüvvələrlə birgə keçirilən təlimlərdir. Bugünkü təlimlər həm vaxt, həm də ad etibarı ilə çox böyük önəm daşıyır. Dünyada hazırda qeyri-sabitlik hökm sürür və günbəgün yeni münaqişə ocaqları yaranmaqdadır”.
General qeyd edib ki, Cənubi Qafqaza sülh və sabitliyi gətirən Azərbaycan dövləti və ordusunun yaratdığı yeni reallıqlarla barışmaq istəməyən qüvvələr bölgəni qarışdırmaq üçün kilometrlərlə uzaqdan nifaq toxumları səpməyə çalışırlar. Bu baxımdan, “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi həm bölgə, həm də dünya ölkələrinə verilən mesajlar nöqteyi-nəzərindən vacibdir.
Y.Karauz vurğulayıb ki, bu təlimlərdə ordularımız həm havada, həm də quruda dünyanın ən çətin manevrlərini nümayiş etdirirlər:
“Türkiyə NATO-nun ikinci ən böyük, Azərbaycan Ordusu isə Cənubi Qafqazın ən güclü ordusudur. Bu baxımdan iki böyük ordunun keçirdiyi təlimlərinin Türkiyənin 100 illiyinə həsr olunması Azərbaycanın necə qədirbilən dövlət olduğunun göstəricisidir”.