• 23 Fevral 2025 22:41

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

GAK sədri Azərbaycan-Rusiya və Azərbaycan-NATO münasibətləri haqqında düşüncələrini bölüşüb

ByTürkan Şahverdova

Fev 11, 2025
Another advertisement

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov son zamanlar gündəmi zəbt edən Azərbaycan-Rusiya və Azərbaycan-NATO münasibətləri haqqında düşüncələrini bölüşüb.

Əvvəlcə hər kəsi salamlayan GAK sədri, bu ilin hər kəs üçün uğurlu və düşərli olacağına inandığını bildirib.
Bugünkü hadisələri diqqətlə izlədiyini və biganə qalmadığını vurğulayan GAK sədri sözə belə davam edib:

“Bildiyiniz kimi, Gürcüstan bizim vətənimizdir və insanın bir vətəni olur, ikinci, üçüncü vətən anlayışı yoxdur. Azərbaycan və Türkiyə bizim milli dövlətlərimizdir. Biz onların uğurlarına
sevinir və qürur duyuruq.
Bu gün sözügedən münasibətlər haqqında danışarkən nəzərə almalıyıq ki, hər bir ölkənin öz maraqları var. Bir ölkə digər ölkə ilə paralel maraqlara sahibdirsə, bu zaman bunları dost ölkə adlandıra bilərik. Əgər əksinə maraqlar toqquşursa, o zaman münasibət düşmənçiliyə doğru gedir deməkdir. Bunu da unutmamalıyıq ki, nə daimi dostluq, nə də düşmənçilik mövcuddur, ölkələr üçün daimi maraqlar var. İqtidarın əsas funksiyası ölkənin həmin dövrdə hər bir sahədə inkişafını təmin edə bilməsidir.
Azərbaycan iqtidarının güclü olduğu hər kəsə məlumdur. 30 illik işğal altında olan torpaqları 44 gündə azad etmək gücünə sahib bir lider tərəfindən idarə olunur.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həmişə xalqı üçün ən doğru qərarı verməyə çalışır və buna müvəffəq olur.
Əgər AZAL-a məxsus təyyarə Rusiya hava mühitində vurulursa və heç bir havalimanına enməyə icazə verilmirsə, bununla belə, həmin saatlarda Azərbaycanın bir nömrəli prezident təyyarəsi Rusiya hava məkanındadırsa, burada çox şey düşünmək olar. Biz bilirik ki, hər bir ölkənin özünəməxsus Hava Mühafizə Qüvvəsi mövcuddur və bu bir-birindən fərqlənə bilir.
Bizə həmçinin düşməndən müdafiə üçün istifadə edilən təchizat da məlumdur.
Bütün bunlar çox şeyin üstünü açdı, ancaq biz hər şeyi bilmirik. Bütün bu olanlardan sonra Rusiya və Azərbaycan düşmən mövqeyindədir deyə bilmərik, ancaq əgər Azərbaycan özünü daha güclü hərbi blokda görmək istəyirsə və NATO ilə danışıqlar aparırsa, bunu normal bir proses kimi qəbul edə bilərik. Bəs Azərbaycanın NATO-ya yoxsa NATO-nun Azərbaycana daha çox ehtiyacı var?
Bu da düşünməyə dəyər sualdır.
Doğrudur ki, masada 2008-ci il Gürcüstan və 2023-cü il Ukrayna praktikası mövcuddur və hər ikisinin buraxdığı iz göz önündədir. Hər ikisinin də əsas səbəbi NATO məsələsidir.
Azərbaycan heç vaxt dostu arxadan vuran ölkə olmayıb. Biri ilə yaxınlaşması digərini atacağı anlamına gəlmir. Azərbaycan NATO-ya qəbul olarsa, ola bilsin Rusiyanın dostunun sayı artsın (yəni NATO-nun tərkibində) Azərbaycan və Ermənistan nə qədər ki düşmən mövqeyində idilər, Rusiya Ermənistanı silahla təmin edirdi. Azərbaycanla Ermənistan arasında olan mübahisə həll olduqdan sonra Rusiya İranla hərbi-strateji müqavilə imzaladı.
Unutmamalıyıq ki, Rusiya həmişə Azərbaycana qarşı olanların yanında yer alır.
Azərbaycan bu gün müstəqil bir dövlətdir və bir çox ölkə də enerji sahəsində ondan asılıdır, həmçinin silah-sursat sahəsində də inkişaf etmişdir və qardaş Türkiyə ilə imzalamış olduğu Şuşa bəyannaməsinin əsasında silah-sursat, uçan aparatlar, təyyarə ilə təmin olunacaqdır.
Anlamalıyıq ki, NATO ilə layihələr yerinə yetirmək, tam olaraq onun üzvü olmaq deyil və Azərbaycanın NATO-ya getməsinin qarşını ala biləcək heç bir faktor yoxdur.
Pribaltika ölkələrini hesaba qatmasaq, postsovet ölkələri arasında NATO üzvü olmağa daha çox şansı olan ölkələr Belarus, Ermənistan və Azərbaycandır, çünki onların mübahisəli torpaqları yoxdur. Bu şansı kim necə istifadə etmək istəyəcək bu da medalın digər üzüdür.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, qardaş Azərbaycanın qəbul etdiyi hər bir qərara hörmətlə yanaşırıq. İnanırıq ki, qəbul edilən hər bir qərar ölkənin inkişafına təkan verəcək. Bizim üçün hər zaman önəmli olan vətənimiz Gürcüstanın və qardaş ölkə Azərbaycanın əməkdaşlığının, münasibətlərinin qaydasında olmasıdır”.
Uğurlar arzulayırıq.

GAK sədri Hüseyn Yusubov