Mən bir uğur hekayəsindən bəhs etmək istəyirəm. Hekayənin qəhrəmanları bu günlərdə bizlərə sevinc yaşadan dəyərli gənclərimiz və onların fədakar müəllimləridir. Onların birlikdə çıxdıqları ümidlə, inamla arzuların ardınca getdikləri yoldan yazacağam. Bu uğura aparan yol çətin oldu zaman -zaman, ancaq vaz keçilmədi. Gənclərimiz bütün çətinliklərə rəğmən arzulardan doğan məqsədlərinə doğru inamla addımladılar.
Bolnisi bələdiyyəsinin Xidiskuri kəndində yerləşən “Parlaq Gələcək Gənclər Mərkəzi” onlarla gəncin arzusunun, məqsədinin və yollarının kəsişdiyi ümid yeri oldu. Təhsil mərkəzi eyni arzunun və bir məqsədin ətrafında toplaşan gənclərimizin məqsədlərini və arzularını gerçəkləşdirmək üçün çıxdıqları yolda onlara mənəvi dəstək olaraq inamını, etibarını və sevgisini qazana bildi. Müəllimlər əzmkarlıq, fədakarlıq göstərərək müəllim peşəsinin bir əqidə,məslək olduğunu göstərdilər.
“Parlaq Gələcək Gənclər Mərkəzi” az müddətdir fəaliyyət göstərməsinə baxmayaraq gənclərimizin təhsili, inkişafı ,biliklərinin zənginləşməsi istiqamətində mühüm və önəmli işlər görüb. Gənclərin hərtərəfli inkişafı naminə məktəblə sıx əməkdaşlıq edən təhsil mərkəzi müasir dövrün tələblərinə cavab verən təhsil standartlarını tətbiq edərək fəaliyyət göstərməkdədir. Müasir dünyamızda
təhsilin mühüm prioritet olduğunu eyni zamanda cəmiyyətin inkişaf və tərəqqisində vazkeçilməz meyar olduğunu rəhbər tutan təhsil mərkəzi bütün fəaliyyəti dönəmində bunu göstərməkdədir.
Təhsil ocağında çalışan müəllimlər milli sərvətimiz olan gənclərimizin eləcə də kiçik yaşlı şagirdlərin yetişdirilməsində üzə çıxarılıb ictimaiyyətə tanıdılması yönündə mühüm işlər görüblər. Yeniyetmə və gənclərimizə mənəvi dəyərlər aşılayan, onların maariflənməsinə böyük əmək sərf edən təhsil mərkəzi gənclərin gələcəklərini düzgün istiqamətdə qurmalarında və mükəmməl seçim etmələrində həmişə yardımçı olub. Təhsilin cəmiyyətin, xalqın inkisafında başlica və əvəzedilməz meyar olduğunu rəhbər tutan təhsil ocağı bu günlərdə böyük sevinc yaşamaqdadır. Beləki təhsil mərkəzinin çoxsaylı gənclərinin böyük əksəriyyəti yüksək göstəricilərə ölkəmizin universitetlərinə qəbul olublar. Mən bu yolda onlara dəstək olan riyaziyyat müəllimi Araz Musayevə, Əhmədalı Babaşova, məntiq müəllimi Şahvələd Nəbiyevə və gürcü dili müəllimi Alidə Məmmədəlizadəyə çox sağ olun deyirəm. Məhz onların əməyi nəticəsində çoxlu sayda gəncimiz ali təhsil ocaqlarında tələbə olmaq statusu qazandılar.
Artıq uzun illərdir gənclərimizi universitetlərə hazırlayan dəyərli müəllimlərimiz bu il də gənclərlə və onların ailələri ilə sevinclərini bölüşdülər. Gənclərlə görüşdən aldığım təəssüratları sizlərlə bölüşmək istəyirəm. Onlar yüksək səviyyədə imtahan verəcəklərinə əmin olduqlarını belə bildirmişdilər.
“Biz özümüzə çox inanırdıq, çünki bunu bizə aşılayan müəllimlərimizə inanırdıq”.
Biz “Parlaq Gələcək Gənclər Mərkəzi”ni seçməkdə yanılmadıq deyən gənclər hazırlıq kursunda necə çalışdıqlarını,yorulduqları ya da ruhdan düşdükləri anlarda müəllimlərinin onları necə böyük sevgi və qayğı ilə ruhlandırdıqlarından danışdılar.
İmtahanlardan yüksək bal toplayan gənclərimizdən biri Gövhər Rəhimovadır. O yüksək bal toplayıb və gələcəkdə informasiya texnologiyaları sahəsində təhsil alacağını planlayır. Gövhər ailəsində ali təhsil alan dördüncü nəsilin nümayəndəsidir. Ulu nənəsi Gövhər müəllim öz dövrünün təhsil almış az sayda ziyalılarindan olub. Sovet hakimiyyətinin ilk dövrlərində müəllim işləyən Gövhər xanım yaşadığı Daşlıqullar və ətraf kəndlərdə savadsızlığın ləğv olunması üçün böyük əmək sərf etmiş, xalqın sevimlisi və inandığı bir şəxsiyyət olmuşdur. Ailəsinin mənəvi dəyərlərinin daşıyıcısı olan Gövhər Rəhimova ailəsində və nəsil şəcərəsində olan ziyalı insanların qürur və fəxri oldu.
Digər gəncimiz Günel Yusifovadır. Günel də böyük ziyalı ailəsinin nümayəndəsidir. O nənə və babalarının yolunu davam etdirən və həmyaşıdı Gövhər kimi dördüncü nəsilin nümayəndəsidir. Öz gələcək həyatını tibblə bağlamaq istəyən Günel Yusifova məktəbi qızıl medalla bitirmış və imtahandan yüksək bal toplamışdır.
Murad Abbasov da universitetə yüksək balla qəbul olmuş gənclərdən biridir. Gələcəkdə polis olmaq istəyən Murad ulu babası olmuş və xalqının xatirəsində özünə əbədi iz qoymuş Mehralı Abbasovun nəvəsidir. Ömrünü xalqına xidmət etməyə sərf etmiş və həmişə yüksək vəzifələrdə çalışmış Mehralı Abbasov Murad üçün ən yaxşı örnəkdir.
Veysəl Mahmudov həmyaşıdları kimi yüksək nəticələrlə bizi sevindirən gənclərmizdəndir. Veysəl hal- hazırda tibb üzrə təhsil alan bacısı Alidə Mahmudova kimi ailəsinin,müəllimlərinin fəxri oldu. Veysəl gələcəkdə həkim olmağa hazırlaşır və ən böyük arzusu doğulub boya-başa çatdığı Bolnisinin Daşlıqullar kəndində yaşayıb insanlara fayda verməkdir.
Belə gənclərimiz çoxdur onların çoxluğu bizdə qürur və sevinc yaradır digər gənclərimizi isə təhsil almağa gələcəklərini düzgün qurmağa ruhlandırır. Onların yetişdirilməsində əvəzsiz əməyi olan
müəllimlərimiz isə böyük hörmət və sevgiyə layıqdirlər. Təhsil ocağına daha böyük uğurlara imza atmaq arzulayıram.
Müəllif : Leyla Yusifova