Aviaşirkətlər aviadispetçerlərin tətili səbəbindən Fransa hava limanlarında uçuşların 75%-ə qədərini ləğv etməli olacaqlar.
QafqazTürk.com xarici mətbuata istinadın xəbər verir.
Aprelin 25-nə planlaşdırılan dispetçerlərin tətilinin geniş miqyasda keçiriləcəyi gözlənilir. İkinci ən böyük hava nəqliyyatı dispetçerləri birliyi “Unsa ICNA” tətillərin iyun ayı boyunca da davam edəcəyini bildirib. Əsas dispetçerlər birliyi olan “SNCTA” mayın 9-dan 11-dək tətil keçirməyi planlaşdırır.
Bununla belə, sabah uçuşların ləğvi əhəmiyyətli olacaq. Aviaşirkətlər Parisin “Orli” hava limanında uçuşların 75%-ni, Paris-Ruassi və Marseldə isə 65%-ni ləğv etməli olacaqlar. Fransa Mülki Aviasiya İdarəsi (DGAC), həmçinin, Tuluza və Nitsada uçuşların 60%-nin, digər hava limanlarında isə 50%-nin ləğvini tələb edəcək. Bundan əlavə, uçuşlarda uzunmüddətli gecikmələr gözlənilir.
Aviadispetçerlərin həmkarlar ittifaqları əməkhaqqının yenidən nəzərdən keçirilməsini tələb edir və Fransada hava hərəkətinə nəzarət sahəsində islahatların aparılmasının zəruriliyində israr edir.