Finlandiya Rusiya vətəndaşlarına daşınmaz əmlak almağı qadağan edib. Bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Finlandiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, aprelin 11-də Finlandiya parlamenti hökumətin Rusiya vətəndaşlarına daşınmaz əmlak almasını tamamilə qadağan etmək təklifini yekdilliklə dəstəkləyib.
Finlandiyanın müdafiə naziri Anti Hakanenin sözlərinə görə, qərar Rusiyadan gələn təhlükəsizlik riskləri ilə bağlıdır və onun geniş dəstəyi milli birliyin mühüm nümayişidir.
“Mən bunu çox vacib hesab edirəm və çox şadam ki, Parlament milli təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan bu təklifi tam dəstəklədi. Qərar aydın mesaj verir: biz Finlandiyada sabitliyin pozulmasına imkan verməyəcəyik”, – Hakanen bildirib.
O, həmçinin qeyd edib ki, hazırda hökumətin qətnaməsi hazırlanır və bu qətnamədə təhlükə yaradan ölkələrin siyahısı tərtib olunacaq. Bundan əlavə, Finlandiya dövlətin artıq alınmış daşınmaz əmlak məsələlərinə müdaxilə etmək imkanlarını artıracaq qanunvericilik üzərində işləyir.