Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan öz müsahibəsində bildirib ki, ölkəsi Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciəti gələn ay və ya gələn il təqdim edə bilər.
“Bizdə bu istiqamətdə qanunvericilik mövcuddur və Ermənistan hökumətinin rəsmi siyasəti Avropa İttifaqına üzv olmağa yönəlib. Dəqiq tarix deyə bilmərəm — bu, çox amildən asılıdır. Amma qeyd etdiyim kimi, bu, bizim rəsmi siyasətimizdir,” – deyə Mirzoyan vurğulayıb.
Nazirin sözlərinə görə, İrəvan rəsmi müraciəti və Aİ-nin cavabını gözləmədən artıq Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin dərinləşdirilməsinə başlayıb.
“Ermənistan və Aİ arasında hərtərəfli və gücləndirilmiş tərəfdaşlıq sazişimiz var. Biz artıq vizaların sadələşdirilməsi prosesinə başlamışıq və bu, uğurla davam edir. Həmçinin yeni sənədlər üzrə danışıqlar aparırıq və yeni tərəfdaşlıq proqramı üzərində işi yekunlaşdırmışıq,” – deyə Mirzoyan əlavə edib.
