Ermənistanın mina terroru davam edir

55

Ermənistanın mina terroru davam edir.

Cənubi Qafqaz regionunun əsas gündəmi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalaması ilə bağlıdır. İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərindən sonra sülh sazişi ilə bağlı yeni imkanlar yaranıb. Amma hələ də sülh gündəminə mane olan məqamlar var. Bunlardan başlıcası da minalı ərazilərin xəritəsi ilə bağlıdır. Mina terroru – ümumilikdə erməni terrorunun əsas göstəricilərindən biridir.

Ermənistanın mina terroru 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə daha açıq və aydın formada özünü göstərir. Əslində 2020-ci ildən bu yana yüzlərlə Azərbaycan vətəndaşı mina terrorunun birbaşa və yaxud dolayı yolla qurbanına çevrilib və belə olan təqdirdə bu, bir daha onu göstərir ki, Ermənistan qisasçılıq mövqeyindən əl çəkmir. Çünki onların uzun illər əraziləri minalaması nəticəsində bu proses davam edir.

Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılan minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsidə 392 nəfər həlak olub və ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir.

İşğal dövründə ərazilərimizə basdırılan minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir.

Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpa olunmasını çətinləşdirməyə səbəb olur.

 

Mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir.

Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibədir. Azad edilmiş ərazilərdəki yaşayış evlərində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur. Hətta bir sıra kütləvi məzarlıqların ətrafı minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar üçün minalar basdırılıb. Mülki əhali ilə yanaşı heyvanlar da mina terrorunun qurbanına çevrilirlər. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Bu, bəşəri cinayətdir.

Minatəmizləyənlərin qiymətləndirməsinə görə, təmizlənən və ya gələcəkdə təmizlənməsi planlaşdırılan ərazilərdə təxminən 4,5 milyon mina basdırıla bilər. Mütəxəssislərin hesablamalarından aydın olur ki, Ermənistan tərəfindən basdırılan minaların ümumi dəyəri 400 milyon dollar ola bilər. Yerli miqyasda bu, astronomik məbləğdir. Belə çıxır ki, işğal illərində Ermənistan Azərbaycan ərazilərinin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərcləyib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il iyul ayında II Şuşa Qlobal Media Forumunun açılış mərasimində toxunduğu mövzulardan biri də Ermənistanın müharibədən sonra Azərbaycan ərazisini minalarla çirkləndirilməsi oldu.

“2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra, bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınır və onlar Qarabağda basdırılırdı. Biz bunu necə bilirik? Çünki o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda istehsal edilmişdir” yazıları var. Yəni, təsəvvür edin ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər”.

Bu gün dünyanın bir çox ölkələrinin mina terrorundan əziyyət çəkdiyini forum iştirakçılarının diqqətinə çatdıran dövlətimizin başçısı Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsız, dəqiq olmadığını da qeyd edib: “Əvvəl biz onlardan xahiş edəndə deyirdilər ki, onların baş nazirləri mənə deyirdi ki, bizdə xəritələr yoxdur. Ancaq sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar tamamilə yararsızdır”.

Keçmiş köçkünlərin doğma yurdlarına qayıdışına ən böyük maneənin məhz minalar olduğunu deyən İlham Əliyev Azərbaycanın həmin ərazilərin reabilitasiyasının daha sürətli aparılması üçün infrastruktur layihələrinin və yaşayış bina­larının inşasına başlamamışdan əvvəl o ərazilərin minalardan təmizləndiyini qeyd edib: “Təəssüflər olsun ki, bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz yoxdur. Beynəlxalq təşkilatlar və şirkətlər bizə elə qiymətlər təklif edirlər ki, hər bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə artıqdır. Çünki bizim də özümüzün Minatəmizləmə Agentliyimiz və şirkətlərimiz var. Bu, nə qədər davam edəcək, bunu demək çox çətindir”.

İşğaldan azad olunmuş ərazilərin əziyyətli və vaxtaparan iş olduğu hamıya məlumdur. Üstündən 25 il keçməsinə baxmayaraq, Balkanlarda hələ də mina partlayışlarının baş verdiyini forum iştirakçılarının diqqətinə çatdıran dövlət başçımız bu bəlanın artıq beynəlxalq xarakter aldığını vurğuladı: “Yəni, Balkanlarda münaqişə illərdir sona çatmasına baxmayaraq, hələ də bu hallar baş verir. Təəssüflər olsun ki, biz də onilliklər ərzində bununla üzləşəcəyik. Bu gün bizdə olan məlumata görə, orada bir milyondan artıq mina basdırılıb”.

 

Minalar istehsal edən, onu qanunsuz şəkildə ərazilərimizə yerləşdirən Ermənistan hələ də qınanılmayıb. Ermənistanın təqdim etdiyi minaların xəritə və farmulyarları isə ümumiyyətlə real vəziyyəti əks etdirmir. Burada mina sahələrinin sektorları, basdırılan minaların növləri, onların arasındakı məsafə, basdırılma üsulları və s. formulyarlarda bilərəkdən səhv göstərilir. Bu isə mina təmizləmə işlərini, ümumilikdə Azərbaycan vətəndaşlarının doğma yurd-yuvalarına qayıtmasını ləngidir. Qeyd edək ki, Azərbaycanın mina təmizləməyə xərcləyəcəyi milyardlarla vəsaitin Ermənistan tərəfindən ödənilməsi üçün hüquqi prosedurların hazırlanması sürətləndirilməlidir. Ermənistan dünyanın mina ilə ən çox çirkləndirilmiş əraziyə çevirdiyi Azərbaycan torpaqlarının təmizlənməsinə xərclənən vəsaitləri kompensasiya olaraq bizə ödəməlidir.

 

Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir. Ermənistanın minaları təmas xəttindən kənarda basdırmasının məqsədi də mülki insanların daha çox itki verməsi məqsədi daşıyır. Hazırda azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə mina qurbanı olanlar da daha çox quruculuq işləri ilə məşğul olan mülki şəxslərdir. Bu fakt bərpa işlərinin daha sürətli aparılmasına ciddi əngəl törədir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütünlüklə dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana təzyiq göstərilməlidir.

 

Hazırda isə sülhdən danışan Ermənistan dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması və minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir. Maraqlıdır ki, Azərbaycana qarşı mina terrorunu davam etdiyi, xəritələr təhvil verilmədiyi halda ermənilərin hüquqları müzakirə mövzusu olanda ard-arda bəyanatlar verən beynəlxalq təşkilatların susqunluğu müşahidə olunur. Əslində isə başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla bütün beynəlxalq təşkilatlar mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməlidir. Çünki minalanmış ərazilərin təmizlənməsini özündə ehtiva edən çoxsaylı beynəlxalq hüquqi aktları elə onların özləri qəbul edib və dövlətlərin üzərinə öhtəlik kimi qoyub. Məsələn, “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunu, 1999-cu il “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” BMT Konvensiyasını göstərmək olar.

Ermənistan beynəlxalq tələbləri kobud şəkildə pozduğu üçün beynəlxalq məhkəmədə məsuliyyət daşımalıdır. Ortada hüquqi aktlar və dövlətlərin, beynəlxalq təşkilatların üzərinə götürdüyü öhtəliklər var. Amma görünən odur ki, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur.

Ermənistanın Azərbaycana minalanmış sahələrin doğru xəritələrini verməməsi bir daha onu göstərir ki, işğalçı ölkə hələ də düşmənçilik niyyətindən əl çəkməyib və onun xəritələri verməməkdə əsas məqsədi daha çox mülki vətəndaşın ölümünə səbəb olmaq, işğaldan azad etdiyimiz ərazilərdə dinc həyatın bərpasına və vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasına maneə törətmək, başqa sözlə desək, bölgədə daim hərbi gərginliyi qoruyub saxlamaqdan ibarətdir.

 

Ermənistanın mina problemi ilə bağlı yolverilməz davranışı beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişidir.

Təəssüf ki, Ermənistan tərəfinin həyata keçirdiyi mina terroruna, vandallığa hələ də beynəlxalq arenadan heç bir reaksiya göstərilmir. Bütün bu əməllərin qarşısında dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları səssiz qalır, susqunluq sərgiləyirlər. Hesab edirik ki, bu susqunluğa qarşı həyacan təbili çalmaq və işğalçı Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən cəzalanmasına nail olmaq vacib amillərdən biridir.

 

Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil. Onlar hər bir üzvü ilə bağlı üzərinə götürdüyü öhtəlikləri yeri yetirməyə borcludur.

Maraqlıdır ki, beynəlxalq təşkilatlar öz öhtəliklərini yerinə yetirməyəcəklərsə, niyə mövcuddurlar? Ermənistan kimi terror dövlətlərini müdafiə etmək, onların hərbi cinayətlərinə göz yummaq və ya mina partlayışları nəticəsində ölənlərin hesabatını hazırlamaq üçün?

Əgər beynəlxalq təşkilatlar öz öhtəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həlak olanların siyahısı hazırlanar.

Bu məsələdə məsuliyyət təkcə beynəlxalq təşkilatların deyil, rəsmi İrəvanın da üzərinə düşür. Ermənistanın hərbi-siyasi rəhbərliyi regionda uzunmüddətli sülhdə maraqlıdırsa, həqiqi mina xəritələrini Azərbaycana təhvil verməli, həm imza atdığı beynəlxalq konvensiyaların, həm də 2020-ci ilin 10 noyabr tarixində və ondan sonra imzalanmış üçtərəfli bəyanatların müvafiq bəndlərini rəhbər tutaraq öz öhtəliklərini yerinə yetirməli və müharibə cinayətlərindən əl çəkməlidir. Əks halda regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz.

 

Rusiyalı jurnalist Dmitri Vinoqradov “Svobodnaya pressa” qəzetində dərc olunan “Qarabağın ucsuz-bucaqsız mina sahəsi. Ermənistan yüz milyonlarla dolları boş yerə xərclədi” sərlövhəli məqaləsində yazır ki, silahların səssiz­liyinə baxmayaraq, keçmiş münaqişə zonasında hərbi və mülki şəxslər həlak olmaqda davam edirlər. Bunun səbəbi isə Qarabağın hər yerinə basdırılmış minalardır. Jurnalist qeyd edir ki, Azərbaycan ərazilərinin minalanması prosesi hələ Birinci Qarabağ müharibəsi dövründə aparılıb və iki müharibə aralığındakı dövrdə davam edib. 2016-cı ilin yazında baş verən döyüşlər ondan sonrakı dövrdə ərazinin minalanma tempini yalnız artırmış olub. Görünür, Ermənistan tərəfi başa düşüb ki, böyük müharibə qaçılmazdır: “Minalardan təmizlənmə uzun müddət və böyük maliyyə resursu tələb edən prosesdir. Erməni silahlı birləşmələri təxminən 30 il idarə etdikləri ərazilərin, demək olar ki, hər qarış torpağını minalayıblar. Minatəmizləyənlərin qiymətləndirməsinə görə, təmizlənən və ya gələcəkdə təmizlənməsi planlaşdırılan ərazilərdə təxminən 1,5 milyon mina basdırıla bilər”.

Beynəlxalq ictimaiyyət Ermənistanın minalardan istifadə etməklə Azərbaycana qarşı davam edən mina terroruna göz yummamalıdır.

Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir. Doğrudur, bəzi beynəlxalq təşkilatlar və ölkələr bu məqsədlə müəyyən maliyyə dəstəyi ayırıb. Amma qeyd etdiyimiz kimi, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır. Onlar Ermənistan tərəfindən törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir.

Məqalə müəllifi: Cavid Şahverdiyev

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Sevginiz sonsuz, mərhəmətiniz bol olsun!
Öncəki yazı
Həftəsonunun hava proqnozunu təqdim edirik