This is a specific ad

Ərinin öldürülməsini sifariş verən qadın: “Öldürsək, mülkləri bizə qalacaqdı…”

293

Another advertisement

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin 3 icraçısı həbs edilib.

Qətlin içraçılarından biri istintaqda verdiyi ifadəsi səsləndirilib. O, istintaqdakı ifadəsində bildirib ki, qətl zərərçəkmişin mülkünü ələ keçirməkdən ötrü olub:

“Öncələr Mehdi Məmmədli ilə işləyirdik. Daha sonra o, işdən çıxıb taksi sürücüsü olaraq işləməyə getdi. Lakin əlaqəmiz kəsilmədi. Çünki, eyni evdə yaşayırdıq. Bir dəfə görüşdüyümüz zaman Mehdi dedi ki, bir adamı əmlakına görə öldürmək istəyir. Biz də həmin an etirazımızı bildirdik. Söhbətlərimizdən birində Mehdi Məmmədli Əzizə Seyidova adlı qadınla münasibəti olduğunu bildirdi. Bizə dedi ki, onun əri var və Əzizəni incidir. Əlavə etdi ki, onu öldürsək, malı bizə qalacaq. Buna görə razılaşdım. Sonra onu öldürmək üçün plan qurduq. Əli Seyidlini öldürəcəyimiz yerə – onun evinin qarşısına baxmaq üçün əraziyə getdik.

Kameraların mövcudluğunu yoxladıq və hansı yolla gedəcəyimizi dəqiqləşdirdik. Bir neçə gün sonra Elvinlə görüşdük, o da əraziyə baxdığını bildirdi. Onun da bu plana etirazı olmadı. Sonra ümumi qərarlaşdırıb plan üzrə hərəkət etdik və evin qarşısında Əlini gözlədik. Onun işdən qayıtma vaxtını bizə Əzizə demişdi. Əli Seyidli gələn kimi ona hücum etdik və onu yerə yıxıb çoxsaylı bıçaq zərbələri vurduq. Bundan sonra oradan qaçdıq. Arxaya dönüb baxanda gördüm ki, o, qalxmağa çalışır. Daha sonra nə olduğunu görmədik. Bir müddət sonra gedib törətdiyim əməli polis bölməsində etiraf etdim”.

Digər təqsirləndirilənin istintaqa verdiyi ifadədə Əzizə Seyidovanın ona ərini öldürməsi qarşılığında Əli Seyidlidən keçəcək mülkü satıb onlara aralarında bölüşdürməsi üçün verəcəyini deyib.

İfadənin səsləndirilməsi bitdikdən sonra Əzizə Seyidova vəsatət qaldıraraq mülk iddiasının yanlış olduğunu iddia edib:

“Bu işdə heç bir mülkdən söhbət gedə bilməz. Mənim yoldaşımın evində qeydiyyatım olmayıb. Bizim evimizin heç çıxarışı da yoxdur. Xahiş edirəm, bu məsələyə yenidən baxılsın”.

Qeyd edək ki, hadisə Azərbaycanda bu il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə “siçan dərmanı” qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər.

2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Prezident Salome Zurabişvili seçkidən əvvəl “Texniki hökümət”i təqdim edəcək
Öncəki yazı
Kvemo Kartlidə “Səyyar Ədliyyə Evi” xidmət göstərəcək Notarial xidmət artıq evinizə qədər gələcək