Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ və digər ölkələr İsrailə təzyiq göstərmək, sanksiyalar tətbiq etmək və ya silah satışını dayandırmaq yolu ilə Qəzza zolağında atəşkəsin təmin edilməsində daha çox rol oynamalıdır.
“İsrail sanksiyalar və silah satışını dayandırmaqla öz vədlərini yerinə yetirməyə məcbur edilməlidir. Biz buna nail olmaq üçün addımlar atırıq və atmağa davam edəcəyik”, – Ərdoğan jurnalistlərə deyib.
O əlavə edib ki, Qəzza zolağı ilə bağlı çoxtərəfli işçi qrupunun yaradılması üzrə danışıqlar aparılır və Ankara Qəzza zolağına bütün lazımi dəstəyi təklif etməyə hazırdır.
Qeyd olunur ki, söhbət Qəzzada atəşkəs rejiminə nəzarət etmək üçün İsrailin cənubunda yaradılan ABŞ-ın rəhbərlik etdiyi Mülki-Hərbi Koordinasiya Mərkəzi (CMCC) çərçivəsində fəaliyyət göstərəcək işçi qrupdan gedir.
		