Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə açıq məktubla müraciət edib.
QafqazTürk Media bildirir ki, Valtonen müraciətində Gürcüstanın gələcəyi yalnız onun vətəndaşlarının iradəsindən asılı olduğunu bildirib. O, Kobaxidzeni Finlandiyaya səfərə, azad media nümayəndələri ilə görüşməyə və “istədiyi nümayişdə iştirak etməyə” dəvət edib.
“Gürcüstanın gələcəyi yalnız gürcü xalqından asılıdır. Bu, ATƏT-ə üzv olan bütün dövlətlərə aiddir. İnsanların bu hüququndan istifadə edə bilməsi üçün onlara söz azadlığı, siyasi alternativlər və azad, ədalətli seçkilər lazımdır,” – Valtonen yazıb.
Nazir həmçinin 1975-ci ildə imzalanmış Helsinki Yekun Aktını xatırladaraq, orada üzv dövlətlərin “insan hüquqları və azadlıqlarının qorunması və təşviqi” öhdəliyini vurğulayıb.
“Məhz , ATƏT-in fəaliyyətdə olan sədri kimi, sənədin imzalanmasından 50 il sonra, sizi – İrakli Kobaxidzeni – Finlandiyaya gəlməyə, azad media ilə görüşməyə və istədiyiniz nümayişdə iştirak etməyə dəvət edirəm,” – deyə o qeyd edib.
Xatırladaq ki, oktyabrın 15-də “Gürcü Arzusu” hökuməti bəyanat yayaraq Kobaxidzenin Gürcüstanda səfərdə olan Valtonenlə görüşünü “qanunsuz aksiyada iştirakı səbəbilə” ləğv etdiyini bildirmişdi. Lakin sonradan məlum olub ki, görüş əslində Finlandiya Xarici İşlər Nazirliyinin qərarı ilə təxirə salınıb.