Dəyərli eloğlumuz, əslən Bolnisi rayonunun Qoşakilsə kəndindən olan, Rusiyanın Saratov vilayətində fəaliyyət göstərən, ictimaiyyətçi-iş adamı, Elimizin fəxri İlqar Vəli oğlu Əlləzov 6 avqust 2023-cü ildə qəflətən dünyasını dəyişmişdir.
Onun ölüm xəbəri bizləri dərindən sarsıtdı.
Mərhum eloğlumuz İlqar Vəlioğlunun həyat fəaliyyəti ilə sizləri tanış etmək istəyirik:
“İlqar Vəli oğlu Əlləzov 1971-ci ildə Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur.
Orta məktəbi Bolnisi şəhərində bitirmişdir. 1993-cü ildə isə Azərbaycan İqtisadiyyat Universitetinin məzunu olmuşdur.
İlqar Əlləzov 2001-ci ildə Saratov vilayətinin Volski rayonunda yaşayan azərbaycalıların vətən cəmiyyətinin yaradıcılarından biri olmuş, uzun müddət cəmiyyətinin sədrlik vəzifəsini icra etmişdir.
Diaspora fəaliyyəti ilə yanaşı Volski rayon administrasiyasının informasiya-analitik iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış, daha sonra, yəni 2013-2019-cu illər arasında Volski rayon icra hakimiyyətinin ictimai məsələlər üzrə müavini kimi fəaliyyət göstərmişdir.
2019-cu ildən ömrünün sonuna qədər “Evrika” tikinti şirkətinə rəhbərlik etmişdir“.
İlqar Əlləzov 8 avqust tarixində doğma Qoşakilsə kəndində dəfn edildi.
İlqar Əlləzovun ailə üzvlərinə Allahdan səbr diləyirik. Elimizin başı sağ olsun.