Dünən gecə Bolnisi bələdiyyəsinin Arıxlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər gəncin faciəli şəkildə həlak olmağı xəbərini biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, üzüntülər və acı kədərlə qarşıladıq. Bu cür bədbəxt hadisələr həyatımızın ən ağrılı, ən acı olaylarından, arzuolunmaz reallıqlarındandır.
Həyatımızı nə qədər hüzurlu, xoş xəbərli, günəşli görmək istəsək də, bəzən vaxtsız qara buludlar da gəlir, acı xəbərlər də eşidirik.
Patrul-Polis İdarəsinin Aşağı Kartli üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində günahkar sürücünün yaxalanmasını təqdir edir, Daxili İşlər Nazirliyinə təşəkkürümüzü bildiririk!
Səlahiyyətli orqanlardan tələbimiz budur ki, cinayəti törədən sürücü qanun çərçivəsində cəzalandırılsın! Yalnız ədalətli təhqiqat, ədalətli cəza gələcəkdə belə faciələrin qarşısını ala bilən amillərdir. Ümidvarıq ki, belə də olacaq.
Həlak olan gənclərin ailələrinə, yaxınlarına və dostlarına, bütün Borçalımıza Allahdan səbir diləyirik!
Allah rəhmət eləsin!
Elimizin başı sağ olsun!