Əfqanıstan və Pakistan atəşkəs barədə razılığa gəlib  

90

19 oktyabr tarixində Əfqanıstan və Pakistan rəsmiləri bəyan ediblər ki, Dohada keçirilən danışıqlar zamanı tərəflər dərhal atəşkəsin elan olunması barədə razılığa gəliblər.

QafqazTürk Media xəbər verir ki, Pakistanın müdafiə naziri sosial şəbəkə platforması “X” üzərindən paylaşım edərək bildirib ki, “atəşkəs razılaşması tamamlandı” və vurğulayıb ki, tərəflər 25 oktyabrda İstanbulda növbəti görüş keçirəcəklər.

Əfqanıstanın Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid də açıqlamasında bildirib ki, tərəflər atəşin tamamilə dayandırılması barədə razılığa gəliblər.

Danışıqlara vasitəçilik edən Qətər Xarici İşlər Nazirliyi, həmçinin Türkiyə, birgə bəyanatında qeyd edib ki, növbəti görüşlər atəşkəsin davamlılığını təmin etməyə yönələcək.

Son aylarda Pakistan və Əfqanıstan sərhədində baş verən toqquşmalarda onlarla insan həlak olub.

Xatırladaq ki, 17 oktyabrda sərhəd bölgəsində Əfqanıstan mənşəli olduğu ehtimal edilən intiharçı terrorçu özünü partladıb, nəticədə 7 pakistanlı hərbçi həyatını itirib. Bu hadisə 15 oktyabrda tərəflərin 48 saatlıq müvəqqəti atəşkəs razılaşmasından qısa müddət sonra baş verib.

Gərginlik xüsusilə İslamabadın Taliban rəhbərliyindən Pakistan ərazisində hücumları artıran silahlı qruplara qarşı tədbir görməsini tələb etməsindən sonra yüksəlib.

Məlumatlara görə, Taliban qüvvələri Pakistanın sərhəd-keçid məntəqələrinə hücumlar həyata keçiriblər. Bu hücumlar Pakistanın keçən həftə Əfqanıstanın paytaxtı Kabilə endirdiyi hava zərbələrindən sonra baş verib.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Qəzzada Gərginlik: İsrail Rəfaya Hava Zərbəsi Endirib
Öncəki yazı
Plastik zavodunda yanğın baş verib