This is a specific ad

Dünyaya verə biləcəyimiz dəyərlərimiz

46

Another advertisement

Milli-mənəvi dəyərlərin qorunması  və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən gizli, bəzən isə açıq toqquşmaların baş verdiyi bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi keyfiyyətlərini pak və sağlam niyyətlərlə qorumaq, cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və dialoq üçün açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusi aktuallıq kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdırlar”.

Respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə və soykökünə bağlı şəxsiyyətin yetişməsinə xidmət etməlidir. Müasir tərbiyədə məktəbli-müəllim-valideyn münasibətlərinin yeni baxış bucağından tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsi, yeniləşməsi və təkmilləşməsi humanitar fənlərin məzmununda ifadə olunmuş milli-mənəvi dəyərlərə kompleks yanaşmağı tələb edir. Uşaqların tərbiyəsində milli soykökə qayıdış və milli özünüdərk ailədə başlamalıdır. Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası sədri Anar Süleymanov milli-mənəvi dəyərlərin təbliği, gənclərin ana vətənə bağlı olması haqda fikirlərini bizimlə bölüşüb: “Əslində, hər bir xalqın milli-mənəvi dəyəri xalqın mahiyyəti və varlığı deməkdir. Hansı xalq öz milli mənəvi dəyərlərini yaşada bilirsə, deməli, həmin xalq mövcuddur, yaşayır.  Bu baxımdan öyünməli olan xalqlardan biri də bizik. Tarixən çoxlu sayda təzyiqlərlə üzləşməyimizə baxmayaraq  milli-mənəvi dəyərlərimizi qoruyub saxlaya bilmişik. İnkişaf edən Azərbaycanımızda Avropaya inteqrasiya edirik deyib bizə məxsus olanlardan əl çəkmək yox, əksinə onlara örnək olmalıyıq. Mənim fikrimcə, mahiyyət baxımından Avropada milli dəyərlər yox, çox güclü standartlar var. Bizim milli dəyərlərimiz həmin standartlar səviyyəsində qorunsa, cəmiyyətimiz daha tez  inkişaf edər və daha çox uğurlar qazana bilərik. Bu dəyərlərin qorunmasında ən böyük amillərdən biri İsalm dini, islam mədəniyyəti və islam əxlaqıdır. Müəllifini xatırlamadığım bir aforizmdə deyilir: Ərəblər islamı yaydı, türklər onu yaşatdı. Bu dəyərlər üçün uca Allaha və onun bizə ərmağan etdiyi İslam dininə də çox borcluyuq. Bu dəyərlərin bu günə qədər yaşamasının və qorunmasının əsas  səbəblərindən biri də budur”. 

O, milli-mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyətlərinə də toxunub: “Fəaliyyətimiz dövründə etdiyimiz beynəlxalq layihələrin hər birində biz öz milli-mənəvi dəyərlərimizi təbliğ etmiş, xalqımızın zəngin mədəniyyətini layihə müddətində qonaqlarımıza çatdıra bilmişik. Təsadüfi deyil ki, bütün tədbirlərimizdə qonaqpərvər bir xalq kimi tanınırıq. Biz gənclər təşkilatı olaraq əsasən gənclərlə işləyirik və bizim azəri gənclərin beynəlxalq tədbirlərdə göstərdiyi nümunəvi davranışını fəxrlə qeyd edə bilərik. Biz layihələrimizdə milli-mənəvi dəyərlərimizin nəinki qorunmasını, həm də təbliğatını da gənclər aşılayırıq. Təcrübəmizdən bunu deyə bilərəm ki, əvvəlki illərə baxanda son illər gənclərin milli-mənəvi dəyərlər sahəsində öyrənmək istədikləri daha çoxdur. Çünki müasir gənc hər şeyi görür. Müasir texnalogiyalar vasitəsilə onların kifayət qədər informasiya almaq imkanları var və onlar bunların içərisindən özlərinə xeyirli olanı seçməyi bacarırlar. Onların bu istiqamətdə ruhlandıran, həvəsləndirən də təbii ki, cənab Prezident İlham Əliyevin simasında Azərbaycan dövlətidir.

1997-ci ildən bu günə qədər ulu öndərin təşəbbüsü 2 fevral “Gənclər günü” kimi qeyd olunur. Bu Onun Azərbaycan gəncinə verdiyi qiymət idi. Bu həm də ulu öndərin bugünkü gəncliyə olan bir mesajı idi. Ulu öndərimiz  Heydər Əliyev bu addımı ilə biz gəncliyə demək istəyirdi ki, əsli, kökü, tarixi olan bir xalqın davamçıları öz mədəniyyətini qorumalı, irsini, milli dəyərlərini yaşatmağa haqqı çatır və o bunu etməlidi. Şükürlər olsun ki, bu ənənə davam edir və İnşallah edəcəkdi. Bugünkü Azərbaycan gənci ona verilən qiymətin dəyərini bilməli və bu yolu uğurla davam etdirməlidir”.

 Milli-mənəvi dəyərlərin qorunması üçün ediləsi mühüm məqamlar var. Bu, harada yaşamasından asılı olmayaraq hər kəsin üzərinə mənəvi borcdur. Əlbəttə ki, xüsusən xaricdə ailələrdə valideynlər öz övladlarına ana vətənə bağlılığı, adət-ənənəmizi, mədəniyyətimizi öz övladlarına aşılamladırlar. Çünki yad mühitdə böyüyən hər hansı uşaq öz soy kökündən uzaqlamaq riki altında qalır. Bunun da qarşısının alınması üçün xaricdəki yeniyetmə və gənclərə milli-mənəvi dəyərlər davamlı olaraq təbliğ edilməlidir. Buna görə də bizim olan, dünyaya verə biləcəyimiz dəyərlərimizi çox yaxşı öyrənməliyik.

Şəxsiyyətin yetişməsində ailənin rolu böyükdür. Əsas dəyərlər məhz ailədə doğulur və formalaşmağa başlayır. Azərbaycanlının milli düşüncəsində ailə kiçik dövlət modeli kimi qəbul edilir, müqəddəs və toxunulmaz sayılır. Böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi dəyərlərimizin başlıca qayəsini təşkil edir. Gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət, şücaət, mərdlik, təmizlik, halallıq, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət və əməksevərlik ruhunda tərbiyə edilməsində əsas rollardan birini ailə oynayır. Ona görə də, ailələrdə bu məsələlərə ciddi fikir verilməlidir.

Xaricdəki gənclərimiz öz məqsədlərimizə uyğun olaraq müxtəlif beynəlxalq layihələrdə, tədbirlərdə iştirak edərək xaqlımızı təmsil etməlidirlər. Gənclərimizin milli-mənəvi dəyərlimizi də təbliğ etmələri məqsədə uyğundur.

Cavid Şahverdiyev Yazı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Sonrakı yazı
ვლადიმერ პუტინი განცხადებას ავრცელებს
Öncəki yazı
Marneulili pedaqoq Kamran Əfəndiyev Milli Müəllim Mükafatının beşliyindədir