Bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların ikinci mərhələsinin keçirilməsi planlaşdırılır.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək. Zelenskinin sərəncamına əsasən, Ukrayna nümayəndə heyətinə xarici işlər nazirinin müavini, hərbi və kəşfiyyat xidmətlərinin rəsmiləri də daxil olacaq.
Rusiya mətbuatının məlumatına görə, prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti bazar günü axşam saatlarında İstanbula gəlib. Medinski bildirib ki, Moskva artıq Ukraynadan münaqişənin həlli ilə bağlı memorandum layihəsi alıb və bazar ertəsi ona cavab verəcək.
Planlaşdırılan danışıqlardan bir gün əvvəl, bazar günü Ukrayna Rusiya hərbi bazalarında yerləşdirilmiş bombardmançı təyyarələri hədəf alaraq Rusiyaya qarşı ən böyük hava hücumlarından birini həyata keçirib. Rusiya Ukrayna ərazisinə 479 pilotsuz təyyarə və raket atıb.
Xatırladaq ki, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında birbaşa danışıqların birinci raundu mayın 16-da baş tutub və nəticədə tərəflər arasında 1000-ə 1000 əsasında genişmiqyaslı məhbus mübadiləsi aparılıb.