Albaniya dünyada süni intellekti nazir postuna gətirən ilk ölkə oldu. Yeni virtual nazir “Diella” adlanır. Albanca bu söz “günəş işığı” deməkdir və o, ölkədə bütün dövlət satınalmalarına cavabdeh olacaq.
Baş nazir Edi Rama sentyabrın 11-də açıqlamasında bildirib ki, tenderlərlə bağlı qərarlar mərhələli şəkildə nazirliklərin əlindən çıxacaq və tam olaraq “dövlət satınalmaları naziri” – Diellanın idarəsinə veriləcək.
Onun sözlərinə görə, bu addım korrupsiya risklərini tam aradan qaldıracaq:
“Albaniya elə ölkə olacaq ki, bütün dövlət satınalmaları 100 faiz şəffaf olacaq və korrupsiyadan tamamilə uzaq qalacaq. Bu, elmi fantastika deyil – bu, Diellanın gündəlik vəzifəsidir,” – deyə Rama vurğulayıb.
Virtual nazir ilk dəfə Tirana şəhərində keçirilən Sosialist Partiyasının qurultayında, hökümətin yeni kabinetinin digər üzvləri ilə birlikdə təqdim olunub.