Dünya əhalisinin sayı artım tempinin azalmasına baxmayaraq, 8 milyardı ötüb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu açıqlama verib.
BMT-nin məlumatına görə, dünya əhalisi 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatıb. Hesabata görə, dünyanın ən çox əhalisi olan ölkəsi 1 milyard 428 milyon 600 min nəfərlə Hindistan olub. Hindistanı 1 milyard 425 milyon 700 min nəfərlə Çin və 340 milyon əhalisi olan ABŞ izləyib. Hesabatda kişilərin orta yaşının 71, qadınların orta yaşının isə 76 olduğu qeyd edilib. Məlumata görə, dünya əhalisinin artımının əsasən 8 ölkədə davam edəcəyi təxmin edilir.
Bu ölkələrin Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniya olacağı bildirilir. Bu ölkələrin 2050-ci ilə qədər dünya əhalisinin proqnozlaşdırılan artımının yarısını təşkil edəcəyi gözlənilir.