Hazırda həbsdə olan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş yüksək vəzifəli məmuru Soso Qoqaşvili həbsxanadan 100% qrantla universitetə daxil olub.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı saxlanılan şəxsin qızı Nini Qoqaşvili yayıb.
Onun sözlərinə görə, Qoqaşvili İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub.
“Atam müəllimsiz, bizim göndərdiyimiz imtahan kitabçalarının köməyi ilə həbxsanada oxuyurdu. Qarşısına məqsəd qoydu, çox çalışdı və məqsədinə çatdı! Atam məktəbdə əlaçı şagird olub, sonra magistr dərəcəsi ilə iqtisadçı, daha sonra beynəlxalq münasibətlər üzrə doktor, polkovnik-leytenant olub, indi də yeni nəsə öyrənmək mərhələsindədir.
Özünüzü ədalətsiz bir reallıqda tapsanız və “insanlar” sizi və ailənizi məhv etməyə çalışsa belə, siz həmişə güc tapmalı, heç vaxt dayanmamalı və Allahdan ümidinizi itirməməlisiniz. Biz bu gücü birlikdə tapmağa çalışırıq”, – Qoqaşvilinin qızı Facebook-da yazıb.
Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini Soso Qoqaşvili 2022-ci il iyulun 16-da evində həbs edilib. İstintaq onu qəsdən dövlət sirrini yaymaqda, xidməti səlahiyyət həddini aşmaqda, şəxsi məlumatları qanunsuz əldə etmək və saxlamaqda, qanunsuz olaraq odlu silah saxlamaqda ittiham edib. Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qoqaşvili özünü siyasi məhbus hesab edir.