Donald Tramp ABŞ tarixində rəsmi olaraq həbs edilən ilk eks-prezident oldu. Prosedur Atlanta şəhərinin həbsxanasında baş tutub.
QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir ki, Fulton dairəsinin rayon prokurorluğu onu Corciyada seçkiyə müdaxilədə ittiham edib.
Donald Tramp şəxsi təyyarəsi ilə Nyu Cersidən Atlantaya yollanıb, sonra polis müşayiəti ilə həbsxanaya gedib, həbs zamanı onun barmaq izi və fotoşəkli çəkilib.
20 dəqiqədən sonra o, 200 min dollar müqabilində azad edilib.
Hava limanına qayıdan Tramp burada mətbuat üçün bir neçə bəyanat verib.
Qanunsuz heç bir şey etmədiyini israr edən sabiq prezident iddiaları “ədalətin parodiyası” adlandırıb.
Yeri gəlmişkən Tramp bu hadisə səbəbindən 2021-ci il yanvarın 8-dən bəri ilk dəfə “X”də paylaşım edib. O, cəzaçəkmə müəssisəsinin rəsmiləri tərəfindən çəkilmiş həbs fotosunu dərc edib.
Qeyd edək ki, ABŞ-nin heç bir keçmiş və indiki prezidentinin daha əvvəl həbsxana şəkli (“mug shot”) olmadığ üçün bu foto tarixi sayılır.
Paylaşılan şəklin altında “seçkilərə müdaxilə” və “heç vaxt təslim olma” yazılıb.
Həmçinin posta Trampın rəsmi internet saytına keçid də əlavə olunub.