Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən etiraz aksiyasında müxalifət siyasətçiləri polis məmurlarını təhqir etmək və infrastruktura ziyan vurmaq üçün etirazçıya pul ödəyiblər.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Belə ki, Tbilisidəki mitinqlərdə iğtişaşlara görə saxlanılan altı nəfərdən biri deyib ki, aprelin 16-da keçirilən mitinqdə müxalifət liderləri – Niki Melii, Aleko Elisaşvili, Niki Qvaramia, Qerqiya Vaşadze və Zurab Caparidze gənclərə yerinə yetirilən tapşırığa görə pul ödəyəcəklərmiş.
O, bunu könüllü olaraq həyata keçirib və bunun üçün 1,2 min lari (təxminən 450 dollar) alıb. Adı açıqlanmayan saxlanılan şəxsdən polis əməkdaşlarını təhqir etmək, onları qıcıqlandırmaq, diqqəti cəlb etmək, infrastruktura ziyan vurmaq tələb olunub. Saxlanılan şəxs polis maşınına ziyan vurub.
Qeyd olunub ki, mayın 9-da Gürcüstanın Daxili İşlər Nazirliyi etiraz aksiyalarında altı nəfərin saxlanıldığını bildirib.
O cümlədən, aprelin 16-da keçirilən aksiyada saxlanılanlardan biri polis əməkdaşına küt əşya ataraq onun gözünə xəsarət yetirib. Həmin gün daha bir saxlanılan şəxs Daxili İşlər Nazirliyinin xidməti patrul avtomobilinə ziyan vurub.
Mayın 1-2-də keçirilən mitinqlərdə saxlanılan iki nəfər İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinin müşahidə kamerasını sındırıb. Mayın 1-də məhbuslardan biri qanunvericilik binasının həyətinə daş atıb və nəticədə Daxili İşlər Nazirliyinin əməkdaşı xəsarət alıb.
Həmin gün digər təqsirləndirilən şəxs dövlət mühafizə xidmətinin binasında quraşdırılmış müşahidə kamerasını zədələyib.