“Gürcüstan regionda sülhün təmin edilməsinə, Ermənistanla Azərbaycan arasında razılaşmanın tezliklə əldə olunmasına çalışır”.
Qafqaztürk xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili deyib.
“Regionumuzun inkişafına töhfə verəcək məsələləri düşünmək lazımdır”, – o bildirib.M.Boçorişvili qeyd edib ki, İpək Yolu Forumu regionun dünya miqyasında oynadığı rola həsr olunub:
“Biz Cənubi Qafqaz regionunda sülhün yaranmasını istəyirik və bu prosesə öz töhfəmizi verə bilərik. Hər iki ölkənin (Ermənistan və Azərbaycanın) baş nazirlərinin Gürcüstanda olduğunu və eyni forumda iştirakını görmək xoş idi”.
Hakim Gürcü Arzusu Partiyasından olan deputat İrakli Çikovani iki ölkənin baş nazirlərinin görüşünü şərh edərkən onun aktuallığını qeyd edib:
“Bu həm də onu göstərir ki, Gürcüstan bütövlükdə regionun təhlükəsizlik kontekstində xüsusi rol oynayır. Regionumuzun digər ölkələri ilə birlikdə Qafqazın təhlükəsizliyinin qayğısına qalmağımız çox açıq şəkildə ifadə olundu və ümid edirik ki, bu təşəbbüs bütün digər dövlətlər tərəfindən dəstəklənəcək”.