DEM partiyası İmralı görüşündən sonra Öcalanın mesajlarını açıqlayıb. Açıqlamada Öcalanın Ərdoğan və Baxçalının yeni paradiqması istiqamətində addım atmağa və çağırış etməyə hazır olduğu bildirilib.
Şənbə günü İmralıya gedərək PKK lideri Abdullah Öcalanla görüşən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiyası) İstanbul Millət vəkili Sırrı Süreyya Öndər və DEM Partiyasının Van Millət vəkili Pervin Buldan çıxış edib.
Açıqlamada Öcalanın səhhətinin yaxşı olduğu, əhval-ruhiyyəsinin yüksək olduğu bildirilərək, “Kürd probleminə qalıcı həll tapılması istiqamətindəki qiymətləndirmələrinin həyati əhəmiyyət daşıdığı” ifadə edilib. Yaxın Şərq və Türkiyədəki son hadisələrin qiymətləndirildiyi görüşdə PKK liderinin “təqdim olunan qaranlıq gələcək ssenarilərinə qarşı müsbət həll təklifləri verdiyi” bildirilib.
Açıqlamada Öcalanın düşüncə və yanaşmasının ümumi çərçivələri sıralanıb və bunlar deyilir:
– Türk-kürd qardaşlığının yenidən möhkəmləndirilməsi bütün xalqlar üçün tarixi məsuliyyət olmaqla yanaşı, taleyüklü əhəmiyyətə və aktuallığa çevrilib.
– Prosesin uğurlu olması üçün Türkiyədə bütün siyasi dairələrin dar və dövri hesablamalara qapılmadan təşəbbüs göstərməsi, konstruktiv hərəkət etməsi və müsbət töhfələr verməsi vacibdir. Bu töhfələrin ən mühüm zəminlərindən biri də şübhəsiz ki, Türkiyə Böyük Millət Məclisi olacaqdır.
– Qəzza və Suriya hadisələri göstərdi ki, kənar müdaxilələrlə qanqren olmağa çalışılan bu problemin həlli gecikməz hala gəlib. Bu məsələnin ciddiliyi ilə düz mütənasib bir işdə uğur qazanmaq üçün müxalifətin töhfələri və təklifləri də dəyərlidir.
– Cənab Baxçalının və cənab Ərdoğanın güc verdiyi yeni paradiqmaya lazımi müsbət töhfəni vermək səlahiyyətinə və qətiyyətinə sahibəm.
– Nümayəndə heyəti bu yanaşmanı həm dövlət, həm də siyasi dairələrlə bölüşəcək. Bunların işığında mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram.
– Bizim bütün səylərimiz ölkəni layiq olduğu səviyyəyə çatdıracaq və həm də demokratik transformasiya üçün çox dəyərli bələdçi olacaq.
– Türkiyə və bölgə üçün sülh, demokratiya və qardaşlıq dövrüdür.
Xatırladaq ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı oktyabrın 22-də partiyasının qrup toplantısında PKK lideri Abdullah Öcalana qarşı “Terrorçu liderə qarşı təcrid aradan qaldırılarsa, gəlsin DEM Partiyası Qrup toplantısında danışsın. Terrorun bitdiyini, təşkilatın ləğv edildiyini bəyan etsin” demişdi və prezident Rəcəb Tayyib Ərdoğanın bu çağırışa dəstəyi ilə Öcalanla görüş prosesi başladı.
Abdullah Öcalanın mesajı yeni bir proses başlada biləcəkmi?
Davamı üçün izləmədə qalın!