Daxili İşlər Nazirliyi Tbilisinin ictimai nəqliyyatında səs yazılarının yayılması ilə bağlı araşdırmalara başlayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 284-cü (kompüter sisteminə icazəsiz daxil olma) maddəsi ilə araşdırma aparılır.
Bu gün avtobus və mikroavtobuslarda sərnişin ödənişi sistemi müvəqqəti olaraq sıradan çıxarılıb və bu səbəbdən nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərirdi. Səbəb iddia edilən kiberhücum olub.
Tbilisi meri Kaxa Kaladze bu gün jurnalistlərə iddia edilən kiberhücumla bağlı danışıb və hadisə ilə bağlı təhqiqata başlanmalı olduğunu bildirib.
“Avtobus və mikroavtobuslarda quraşdırılan ödəniş aparatları “Bank of Georgia”dandır. Çox güman ki, bu kiberhücumdur. Bildiyimə görə, bir neçə şirkət “Bank of Georgia”ya xidmət edir: “Azri” MMC, “Plyus” MMC. Kiberhücumun haradan gəldiyini, kimin iştirakı ilə edildiyini və necə həyata keçirildiyini istintaq müəyyən edəcək. Kiberhücumla bağlı təhqiqata başlanmalıdır”, – Kaladze bildirib.
Əvvəlcə vətəndaşlar Tbilisidə avtobus və mikroavtobuslarda ödəniş aparatlarında Gürcüstan və Avropa İttifaqının himnlərinin, eləcə də siyasətçilərin müxtəlif səsli mesajlarının səsləndirildiyi barədə məlumat yayıblar. Şəhər meriyası bununla bağlı cavab verib və izah edib ki, aidiyyatı şirkətlərin nümayəndələri problemin aradan qaldırılması üçün operativ şəkildə işə başlayacaq, nasazlıq aradan qaldırılan kimi cihazlar işə salınacaq, fasilə zamanı isə sərnişinlərə ödənişsiz nəqliyyat təmin olunacaq.
Bu mərhələdə ictimai nəqliyyatda sərnişinlərin ödəniş sistemi bərpa edilib.