Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen müsəlman ölkələrinin Kopenhagendəki diplomatik nümayəndəlikləri qarşısında Quranın yandırılması ilə bağlı insidentlərə görə üzr istəyib.
QafqazTürk.com xəbər verir ki,Skandinaviya ölkəsinin Xarici İşlər Nazirliyinin məlumatına görə, Rasmussen Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə telefon danışığı aparıb.
O, müsəlman ölkələrinin, o cümlədən Əlcəzairin diplomatik nümayəndəliklərinin binaları qarşısında müqəddəs Qurani-Kərimin yandırılması ilə bağlı baş verən hadisələrdən təəssüfləndiyini bildirib.
Rasmussen Quranın yandırılmasını qəbuledilməz hadisə adlandırıb və üzr istəyib. Onun sözlərinə görə, belə hadisələr Danimarka cəmiyyətindəki tolerantlıq ənənələrinə tamamilə ziddir.
Siyasətçi onu da qeyd edib ki, Danimarka hökuməti bu cür hərəkətləri qadağan edən qanun layihəsini yekunlaşdırır.