Gürcüstan Prokurorluğu Bolnisi bələdiyyəsinin Dəllər kəndində qrup halında törədilən 7 nəfərin sağlamlığına ağır zərər vurma faktı üzrə iki nəfərə qarşı ittiham irəli sürüb.
Gürcüstan Prokurorluğunun məlumatına görə, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, noyabrın 24-də Bolnisi bələdiyyəsinin Muşevan kəndində müttəhimlər qrup halında yeddi zərərçəkmişə bıçaqla sağlamlığa ağır xəsarətlər yetiriblər.
Saxlanılanlardan biri Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsinin “l” yarımbəndi ilə, digəri isə 117-ci maddənin 3-cü hissəsinin “m” və “l” yarımbəndləri ilə (qəsdən ağır xəsarət yetirmə) ittiham olunur və cinayət 9 ildən 13 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Artıq prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.