This is a specific ad

Dəhlizmi yoxsa yolmu?-TƏHLİL

167

Another advertisement

Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, Naxçıvana birbaşa yol açacaq dəhliz məsələsinin sülh danışıqlarının paketindən çıxarılması mövzusu gündəmdən düşmür. Zəngəzur dəhlizinin sülh müqaviləsindən çıxarılması son zamanlar Cənubi Qafqazda baş verən geosiyasi proseslərdə mühüm hadisələrdən biri kimi diqqət mərkəzindədir. Bu qərarın bölgədəki əlaqələrin və əməkdaşlığın inkişafına necə təsir edəcəyi, regional sabitlik və təhlükəsizlik baxımından hansı nəticələrə gətirib çıxaracağı sual doğurur. Bu qərar xüsusilə Azərbaycanın və Ermənistanın maraqlarına ciddi şəkildə təsir edə bilər.

 

Azərbaycanlı bir sıra politoloqlar belə bir fikir irəli sürüblər ki:

“Bu indiki halda qarşılıqlı münasibətlərin tənzimlənməsi və sülhün əldə olunması üçün prioritet məsələdir. Zəngəzur dəhlizi ilə bağlı məsələ bəlli olduğu kimi 10 noyabr bəyanatında yer alıb. Bu Ermənistanın üzərinə düşən bir öhdəlikdir. Ermənistan istənilən zaman kəsiyində bu öhdəliyi yerinə yetirməlidir. Ermənistanın hal-hazırda dünya okeanına, dənizlərə çıxmasına daha çox ehtiyacı var. Bu məsələ onu daha çox narahat etməli və düşündürməlidir”.

Xatırlatmaq istərdim ki, BMT-nin Dağlıq Qarabağ Muxtar vilayəti ilə bağlı  30 il ərzində bir neçə qəti qərarı oldu. Ermənistan heç birinə məhəl qoymadı və həyata keçirmədi, çünki o dövrdə xristian dünyasında(əsasən Qərbdə və Rusiyada) çox ciddi dəstəyi var idi. 44 günlük mübaribə dövründə Ermənistanın həmin dəstəkləri Rusiyada ciddi şəkildə zəifləmişdi. ABŞ-da prezident seçkisi ərəfəsi idi. Azərbaycanı isə qüdrətli Türkiyə və Qərbə ciddi təsir gücü olan İsrail dəstəkləyirdi.

Bu gün Ermənistan Rusiya ilə münasibətləri yenidən tənzimləməyə başlayıb, Qərb yönümlü olduğunu elan edərək, Qərbin ciddi dəstəyini alır, Hindistandan, Fransadan və ABŞ-dan böyük silah təchizatına başlayıb.

Ermənistanın qərbdəki diasporası genişmiqyaslı dəstək aksiyaları nümayiş etdirir. Bütün bunların fonunda, məlum səbəblərdən Azərbaycan-İsrail münasibətləri heç də qənaətbəxş olmayan bir vəziyyətdədir. Bu günlərdə hamı İranın İsraili vurmasını dörd gözlə gözləsə də, təəssüflər olsun ki, İran İsrailə deyil də, Azərbaycana düşmən gözləri ilə baxdığı heç kəsə sirr deyil.

Bu arada qürurla vurğulamaq istərdim ki, Vətənim Gürcüstanın və qardaş Türkiyənin milli dövlətimiz Azərbaycana olan münasibətləri ən yüksək səviyyəyə ucalmışdır.

Azərbaycan diasporasının fəaliyyətinə gəlincə, 44 günlük Vətən müharibəsi günlərində diaspora komitəsinin funksiyasını da müzəffər Ali Baş Komandan İham Əliyev həyata keçirmiş olduğunu hamımız müşahidə elədik. Təkcə İ. Əliyevin həmin günlərdə Qərbin ən aparıcı 30-a yaxın mətbuatının hazırladığı reportajları xatırlatmaq kifayətdir.

Bütün yuxarıda sadaladığımız faktorları nəzərə alarsaq, Azərbaycanın Zəngəzursuz da olsa, Ermənistanla sülh müqaviləsini tezliklə imzalaması bütün Cənubi Qafqaza bir rahatlıq gətirmiş olar. Yeni iqtisadi nəqliyyat yollarının açılması Cənubi Qafqaz və bütün region ölkələri üçün böyük iqtisadi sıçrayışa çevrilə bilər.

Kateqoriya: Araşdırma
Sonrakı yazı
İlham Əliyev: Cənubi Qafqaz regionunun sabitliyi və təhlükəsizliyi daha çox Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Öncəki yazı
“Mənim Qəhrəmanım-Qiorqi Ancuxelidze”