Çin və Ermənistan arasında strateji tərəfdaşlıq barədə razılaşma əldə olunub

86

Çinin Tianjin şəhərində keçirilən görüşdə Çin və Ermənistan liderləri strateji tərəfdaşlıq münasibətlərinin qurulması barədə razılığa gəliblər.

Məlumatlara görə, Çin Prezidenti Si Cinpin Ermənistanın Baş naziri Nikol Paşinyana bildirib ki, iki ölkə bir-birinə möhkəm dəstək verməli və bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirməlidir.

Erməni mediasının yaydığı birgə bəyanatda qeyd olunur ki, tərəflər suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı hörmətinə, daxili işlərə qarışmama prinsipinə, bərabərliyə, qarşılıqlı faydaya və sülh şəraitində birgə yaşama prinsiplərinə əsaslanaraq əməkdaşlıq edəcəklər.

Bəyanata əsasən, tərəflər bir-birinin milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yoluna hörmət edir və müstəqil qərarlar qəbul etmək imkanını dəstəkləyirlər. Eyni zamanda, tərəflər qarşılıqlı etimad və dostluğa xələl gətirə biləcək addımlardan çəkinməyi öhdələrinə götürürlər.

Ermənistan tərəfi “bir Çin” prinsipinə sadiqliyini təsdiqləyərək bəyan edib ki, dünyada yalnız bir Çin mövcuddur, Tayvan isə onun ayrılmaz hissəsidir. Ermənistan Çin Xalq Respublikasının hökumətini bütün Çini təmsil edən yeganə qanuni hökumət kimi tanıyır, Tayvanın müstəqilliyinə yönəlmiş hər cür təşəbbüsə qarşı çıxır və Pekinin milli birliyi gücləndirmək istiqamətində atdığı addımları dəstəkləyir.

Öz növbəsində, Çin tərəfi Ermənistanın siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyib. Pekin Ermənistanın irəli sürdüyü sülh gündəmini və “Sülh kəsişməsi” təşəbbüsünü də müsbət qarşılayıb.

Birgə bəyanatda vurğulanır ki, geosiyasi intriqalar və qarşıdurmanı qızışdıran addımlar səmərəsiz olacaq. Tərəflər regionda sabitliyi pozmağa və yeni eskalasiyalara səbəb ola biləcək hər hansı cəhdlərə qarşı birgə çıxış edəcəklər.

Razılaşmaya görə, iki ölkə yüksək səviyyəli siyasi dialoqu genişləndirəcək, xarici işlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr keçirəcək, həmçinin mərkəzi və yerli hakimiyyət orqanları, eləcə də siyasi partiyalar arasında əlaqələri gücləndirəcək.

Tərəflər, həmçinin, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi və müqavilə bazasının zənginləşdirilməsini davam etdirəcəklər.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Çin Xalq Respublikasında işgüzar səfərdədir. O, Tianjin şəhərinə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün gedib.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb
Öncəki yazı
Dəhşətli hadisə: 30 yaşlı şəxs 14 yaşlı yeniyetməyə təcavüz edib, sonra isə…