Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək.
QafqazTürk.com xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər.
Atatürk Olimpiya Stadionundakı qarşılaşma 23:00-da başlayacaq.
Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
İstanbulun ikinci dəfə ev sahibliyi edəcəyi ÇL finalında yenə ingilis-italyan dueli baş tutacaq.
2004/05 mövsümündə bu arenada “Milan” və “Liverpul” arasında keçirilmiş tarixi oyunda mersisaydlılar möhtəşəm geridönüş edərək titula sahib çıxıblar. İngiltərə təmsilçisi ilk hissədən sonra 0:3 hesabı ilə geri düşsə də ikinci hissədə üç qol vuraraq matçın əvvəlcə əlavə vaxta, ardınca isə penaltilər seriyasınadək uzanmasına nail olub. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (3:2) oynayan ingilislər yekunda qələbəni bayram ediblər.
Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ bu turnirdə qalib olmayıb.
“İnter” isə ÇL-də oynadığı altı finalın yarısından qələbə ilə ayrılıb.
UEFA Çempionlar Liqası
Final
10 iyun 23:00.
“Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu
Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.