Xobi bələdiyyəsinin Çaladidi kəndi ərazisində azərbaycanlı qəhrəman Rahib Məmmədovun heykəlinin açılışı baş tutub.
QafqazTürk.com xəbər verir ki,açılış mərasimində Gürcüstanın Zemo-Svaneti bölgə rəhbərliyi, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Batumi şəhərindəki baş konsulu Rıza Kağan, Rahib Məmmədovun ailə üzvləri, Gürcüstan və Azərbaycan ictimaiyyətinin nümayəndələri, eləcə də media əməkdaşları iştirak ediblər.
Bölgə qubernatorunun müavini Nino Viblianinin sözlərinə görə, əslən Azərbaycandan olan 19 yaşlı gənc 1987-ci ildə öz həyatı bahasına Çaladidi kəndinin 28 sakinini xilas edib:
“Rahib Məmmədovun xatirəsi hər zaman anılır və bu gün ucaldılan heykəl Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun daha bir təzahürüdür”.
R.Məmmədovun qardaşı Sahib Məmmədov isə bildirib ki, abidənin ucaldılması, filmin çəkilməsi olduqca qürurvericidir:
“Bu abidənin açılışı bizim ailə, eləcə də Ağdam camaatı üçün böyük bir hadisədir. Ailəmiz adından şəxsən bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Qəhrəmanlar unudulmur”.
Tədbirdə Çaladidi kənd məktəbinin direktoru Nana Kartsidze bildirib ki, sovet illərində kənd məktəbinə Rahib Məmmədovun adı verilib, lakin 90-cı illərin əvvəllərində Gürcüstandakı mürəkkəb vəziyyət zamanı ad götürülüb. Direktor Rahib Məmmədovun adının qaytarılması üçün məktəb kollektivinin əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd edək ki,Rahib Məmmədova həsr edilmiş sənədli film və onun abidəsinin təmiri SOCAR-ın Kulevi neft terminalının dəstəyi ilə baş tutub.
Məlumat üçün bildirək ki, Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılır. Hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xeliçavuri qəsəbəsində yerləşən Hərbi hissədə keçir.
Rahib Məmmədov 20 yaşında ikən,1987-ci ildə hərbi xidmət keçdiyi Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq söstərərək,təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmnalıqla həlak olmuşdur.