“Qara Cümə” kimi tanınan “Black Friday” bütün noyabr ayı boyunca danışılan və nəhəng brendlərin böyük endirimlər etdiyi bir ənənəyə çevrilib. Bəs “Qara Cümə” necə yaranıb?
QafqazTürk Media “Qara Cümə”nin qısa tarixçəsini təqdim edir.
“Qara Cümə” hər il noyabr ayının son həftəsində baş verən alış-veriş hadisəsidir. Bu tədbir çərçivəsində bir çox brend və e-ticarət platforması irili-xırdalı endirim kampaniyaları təşkil edir.
“Qara Cümə”də endirim anlayışı isə illər ərzində dəyişib. Belə ki, bəzi markalar yalnız bir gün, bəzi markalar və platformalar isə noyabr ayı ərzində endirimlər təklif etməyi seçirlər.
ABŞ-də qeyd olunan və noyabrın son həftəsinə təsadüf edən ən mühüm bayramlardan biri olan “Şükran günü” (Thanksgiving Day) həm də ölkədə Milad və Yeni il qeyd etmələri ilə bitən uzun bir bayram dövrünün başlanğıcıdır. Bu dövrdə hədiyyə alma və alış-veriş artdıqca həm markalar, həm də istehlakçılar üçün fürsətə çevrilən həmin bu alış-veriş günü ortaya çıxdı.
“Şükran günü”ndən sonra cümə gününə təsadüf edən bu gün ABŞ-də illər ərzində ən sıx alış-veriş gününə çevrilib. Günün tarixi də “Şükran Günü” tərəfindən müəyyən edilib.
Bununla belə, ABŞ-də “Şükran günü”nün nə vaxt qeyd olunacağı uzun illər ərzində bəlli deyildi. 1600-cü illərə təsadüf edən və milli bayram olan “Şükran günü” uzun illərdir ki, 25 noyabrda qeyd olunurdu.
1789-cu ildə ABŞ prezidenti Corc Vaşinqton 26 noyabr cümə axşamı günü “Şükran günü” elan etdi. Ancaq sonrakı illərdə tarix və günlə bağlı çox qarışıqlıq yarandı. Bu çaşqınlıq 1941-ci ildə Konqres tərəfindən qəbul edilmiş bir aktla aradan qaldırıldı və “Şükran günü”nü noyabrın dördüncü cümə axşamı edən qanun qəbul edildi. Beləliklə, noyabrın dördüncü cümə günü “Qara Cümə” oldu.
Gürcüstanda da bu hal müşahidə olunur. “Qara Cümə” artıq ölkəmizdə də xüsusi gün hesab olunmaqdadır. Belə ki, bir çox mağazalar həmin gündə endirim kampaniyalarına başlayırlar. Bu gün Gürcüstanda iri ticarət mərkəzlərində bir çox markalar endirimlər olacağını artıq bəyan ediblər.
Qeyd edək ki, bu il “Qara Cümə” 29 noyabra təsadüf edir. Artıq tədbir çərçivəsində bir çox brend və e-ticarət platforması irili-xırdalı endirim kampaniyalarına start verib, belə ki, geyim, ayaqqabı, kompüter, telefon, televizorlar və.s ucuz qiymətə təklif edilir.