“Demək olar ki, hər 10 nəfərdən 8-də D vitamini çatışmazlığı müşahidə olunur. Əzələ-sümüklərin və immunitet sisteminin güclənməsində, beyin inkişafında və depressiya riskinin azalmasında mühüm rol oynayan D vitamininin çatışmazlığı bir çox xəstəliyə səbəb ola bilər”.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bunu Daxili xəstəliklər və nefrologiya üzrə türkiyəli mütəxəssis Enes Murat Atasoy deyib.
Onun sözlərinə görə, D vitamini çatışmazlığı sümük itkisinə və aşağı sümük sıxlığına səbəb ola bilər. Vitamin D çatışmazlığı uşaqlarda “raxit”, böyüklərdə isə “osteomalaz” adlanan sümük xəstəlikləri yarada bilər.
Orqanizmi D vitamini ilə təmin etməyin ən asan yolu dərinin birbaşa günəş işığına, xüsusilə ultrabənövşəyi B şüalarına məruz qalmasıdır. Günəşdə qalma müddəti dərinin xüsusiyyətlərinə görə dəyişir. Açıq dərili insanların dərisi adətən 30 dəqiqə ərzində çəhrayılaşmağa başlayacağı üçün bu müddətdə günəşə məruz qalmaları kifayətdir. Onlarda bədənin ehtiyac duyduğu D3 vitaminini istehsal etmək üçün cəmi 15 dəqiqə yetərlidir. Amma tünd dərili insanlarda bu müddət daha çox ola bilər. Günəşdə qalma müddəti günəşə məruz qalma müddətindən, dəri rəngindən və iqlim şəraitindən asılı olaraq dəyişə bilər.
Həkim qeyd edib ki, adətən sümüklərdə ağrı, bədəndə yorğunluq kimi şikayətlərə D vitamini çatışmazlığından xəbər verir. Amma bəzən heç bir əlamət olmaya da bilər.
Mütəxəssis D vitamininin həddindən artıq olmasının da əskiklik qədər müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirib. “Orqanizmdə D vitamini çox olarsa, kalsium səviyyəsi artar və hiperkalsemiyaya səbəb ola bilər. Hiperkalsemiya iştahsızlıq, həddindən artıq sidiyə getmə, böyrək çatışmazlığı, ürək ritminin pozulması, susuzluq, qəbizlik, ürəkbulanma kimi ciddi vəziyyətlərə səbəb ola bilər”,-deyə Enes Murat Atasoy qeyd edib.