Tbilisi meriyası “Sosial cəhətdən həssas pensiyaçıların dərmanlarla təmin edilməsi proqramı”nı davam etdirir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin bugünkü iclasında bildirib.
O bildirib ki, hökumət dəstəyə və köməyə ehtiyacı olan vətəndaşların hər zaman yanında olacaq.
“Biz sosial və səhiyyə proqramlarına xüsusi diqqət yetiririk, bunun üçün büdcədə kifayət qədər böyük vəsait ayrılır. Mən bunu dəfələrlə demişəm və yenə də təkrar edəcəyəm – biz həmişə dəstəyimizə və köməyimizə ehtiyacı olan o ailələrin, insanların yanında olacağıq. Eyni zamanda, hamımız ölkəmizin inkişafını elə təmin etməliyik ki, iqtisadiyyatı irəli getsin, imkan daxilində ehtiyacı olan ailə və fərdlərimiz az olsun. Bərəkət hər bir vətəndaşımızın ailəsinə daxil olmalıdır. Bizim siyasətimiz məhz ölkədə sülhün, iqtisadi inkişafın və güclənmənin təmin edilməsinə yönəlib. Bunu hər bir Gürcüstan vətəndaşı hiss etməlidir”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, Tbilisi meriyası 2022-ci ildən sosial cəhətdən həssas pensiyaçıların dərmanla təmin edilməsi proqramı həyata keçirir ki, bu da çox vacibdir.
“Bu, bizim seçki vədimiz idi və təbii ki, bu il də onu yerinə yetiririk. Vauçerin illik dəyəri 500 lari təşkil edir ki, bu da sosial cəhətdən həssas Tbilisi təqaüdçüləri tərəfindən ilin istənilən vaxtında istifadə edilə bilər. Bu proqramdan yararlanmaq üçün yalnız ailə həkiminizə müraciət etməlisiniz. Xəstəni müayinə etdikdən sonra həkim təyin olunmuş dərmanları xüsusi proqrama daxil edəcək”, – Tbilisi meri qeyd edib.
Onun sözlərinə görə, pensiyaçı çeki istənilən aptek şəbəkəsində elektron şəkildə ala bilər. Bu proqram çərçivəsində cari ilin büdcəsində 10 milyon lari ayrılıb.
“Bu proqram uğurla işləyir. Üç il ərzində 25 000-ə qədər benefisiar bu proqramdan faydalanmışdır. Bu il biz bu insanların mümkün qədər yanında olmaq və müəyyən dərəcədə onların gündəlik həyatını asanlaşdırmaq istəyirik”, – deyə Kaxa Kaladze qeyd edib.