Bu gündən etibarən Gürcüstan vətəndaşları yenilənmiş dizaynlı şəxsiyyət vəsiqələrini əldə edə biləcəklər – ƏTRAFLI

100

Bu gündən etibarən Gürcüstan vətəndaşları yenilənmiş dizaynlı şəxsiyyət vəsiqələrini əldə edə biləcəklər.

QafqazTürk Media xəbər verir ki, 3 noyabrdan Gürcüstan Ədliyyə Nazirliyi yeni dizaynlı elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb. Qurumun məlumatına görə, bu, 6 oktyabrdan etibarən vətəndaş pasportları və yaşayış icazələrinin elektron versiyalarının yenilənməsi prosesinin davamıdır.

Nazirliyin əmrinə əsasən, yeni ID kartda Gürcüstanın tam dövlət gerbi tək rəngdə və dövlət bayrağı təsvir ediləcək. Sənədin arxa fonundakı çap elementləri elə şəkildə yerləşdirilib ki, saxtalaşdırma və dəyişiklik cəhdlərinin aşkar edilməsi asan olsun.

Yeni şəxsiyyət vəsiqəsində vətəndaşın adı, soyadı, cinsi, vətəndaşlığı, doğum tarixi və yeri, şəxsi nömrəsi, fotoşəkli, imza nümunəsi, sənədi verən orqanın adı, verilmə tarixi, qüvvədə olma müddəti, eləcə də elektron identifikasiya və elektron imza üçün sertifikatlar, onların qapalı açarları və müvafiq təsdiqləyici orqanların məlumatları yer alacaq. Həmçinin sənəddə QR kod və xüsusi giriş kodu (CAN – Card Access Number) yerləşdiriləcək. Bu kod vasitəsilə vətəndaşın statusu barədə — məsələn, tələbə və ya qaçqın olub-olmaması kimi — məlumatları yoxlamaq mümkün olacaq.

Ədliyyə Nazirliyi bildirib ki, köhnə dizaynlı şəxsiyyət vəsiqələri onların üzərində göstərilən müddət bitənədək qüvvədə qalacaq.

Xatırladaq ki, yeni ID kartların qiyməti dəyişməyib. Hazırda şəxsiyyət vəsiqəsinin alınması (foto və bank xidməti daxil olmaqla) 66 lariyə başa gəlir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Partiyaların Birləşmə Planı – Müxalifət nə deyir?
Öncəki yazı
Marneuli Bələdiyyə Məclisində yeni komissiya sədrləri müəyyənləşib – ƏTRAFLI