Bu gün fəxrimiz, nəinki təkcə Gürcüstanın və Azərbaycanın, eləcə də bütün Türk dünyasının qürur yeri olan Xalq şairi Zəlimxan Yaqubun (21.01.1950–09.01.2016) anım günüdür.
Ədəbi fəaliyyətinə “Qələbə bayrağı” adlı Bolnisi rayon qəzetində “Şota Rustaveli” başlıqlı şeirlə başlayan (1966-cı ildə) Zəlimxan Yaqub sonralar 40-dan artıq kitabın müəllifi kimi tanınıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.
Məmməd Araz və H.Z.Tağıyev adına mükafatlara layib görülüb.
Azərbaycanın “Şöhrət”, Gürcüstan – Azərbaycan əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə isə Gürcüstanın “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət poeziya mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur!
Zəlimxan Yaqubun yaradıcılığı ədəbiyyatın şifahi və yazılı qollarının sıx vəhdətindən ibarətdir. Onun şeirlərinin ümumxalq məhəbbəti qazanmasının başlıca sirri şairin toxunduğu, qələmə aldığı mövzuların aktuallığında, müasirliyində, xalqın mənəvi dünyasının düzgün işıqlandırılmasındadır.
Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.
Bakıda birinci Fəxri xiyabanda dəfn olunub.
Biz, “Qafqaz Türk Media” portalı olaraq sevimli şairimizi, xatirəsi həmişə əziz soydaşımızı, qürur yerimizi dərin hörmətlə anırıq!
Zəlimxan müəllimə uca Allahdan rəhmət diləyirik!
Nurlar içində uyusun!
P.S Unudulmaz Zəlimxan müəllim Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Zəlimxan Yaqub poeziyasının, bütövlükdə də Gürcüstan, Azərbaycan və Türkiyə ədəbiyyatının yorulmaz təbliğatçısı Hüseyn müəllimin çox yaxın dostu idi.