Bu gün Marneulidə ölkə rəhbərliyinin iştirakı ilə Novruz şənliyi keçirilib

65

Bu gün Marneulidə Novruz bayramına həsr edilmiş konsert tədbiri keçirilib.

Şənlikdə iştirak edən ali qonaqlar rəmzi Novruz tonqalını alovlandırıblar.

Tədbirdə Marneuli Bələdiyyəsinin meri və ev sahibi Kənan Ömərov, Gürcüstan prezidenti Mixail Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, Parlament sədri Şalva Papuaşvili, Barış və Vətəndaş Bərabərliyi üzrə nazir Tea Axvlediani, Kvemo Kartli bölgəsinin dövlət nümayəndəsi Qiorqi Doktorişvili, Ombudsman Levan İoseliani, parlament deputatları Zaur Darğallı, Savalan Mirzəyev və Sakrebulo sədri Amiran Qiorqadze xalqı bayram münasibətilə təbrik ediblər.

Marneuli Bələdiyyəsinin meri və ev sahibi olaraq Kənan Ömərov öz xoş arzularını və bayram təbrikini xalqa çatdırıb.

Daha sonra xalqı yaxından təbrik etmək üçün təşrif buyurmuş Gürcüstan prezidenti çıxış edib.

“Bu bayram yeniliyin başlanğıcıdır. Biz əsrlər boyu bir yerdə var olmuşuq. Mən sizi ürəkdən təbrik edirəm və bir prezident kimi daim yanınızdayam.

Baş nazir də öz təbrikini çatdırıb.

” Biz xristianlarla müsəlmanları, azərbaycanlılarla gürcüləri birləşdirən çoxəsrlik dostluq münasibətləri ilə fəxr edirik. Novruz bayramını gələcək nəsillərə ötürməliyik, sizi təbrik edir və hər şeyin ən gözəlini arzulayıram”.

Parlament sədri Şalva Papuaşvili bildirib:

“Novruz bayramınız mübarək, yeniliyi və təbiətin oyanmasını qeyd edən bu bayramda özümüz və varlığımızın əhəmiyyəti haqqında düşünməliyik”.

Ali qonaqların hər biri öz xoş diləklərini növbə ilə xalqa çatdırıblar.

Konsertdə müxtəlif tamaşalar, rəqslər və idman oyunları nümayiş etdirilib, mahnılar ifa edilib.

Marneulidən olan Şaban Məmmədov da öz xoş avazı ilə insanların ruhunu oxşayıb.

Azərbaycandan dəvət olunmuş məşhur müğənni Xatirə İslam və Ariz Hüseynov öz repertuarlarından musiqilər ifa ediblər.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov konsert sonrası öz təəssüratlarını bölüşüb:

” Mən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq bildirmək istəyirəm ki, ölkəmizin rəhbərlərinin bu tərkibdə Marneuliyə gəlişi Gürcüstanda yaşayan azərbaycanlılara olan yüksək diqqətin və hörmətin təzahürüdür.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Gürcüstan dövləti arasındakı münasibətlər dünyada analoqu olmayan dostluq, qardaşlıq və strateji partnyorlaruq münasibətləridir. Bu münasibətlərə kölgə salmağa heç kimin gücü, həddi və cürəti çatmaz.

Milli bayramımız olan Novruz bayramı şənliyini hazırlayan Marneuli Bələdiyyə meriyasına, sakrebulosuna, o cümlədən əməyi keçən hər kəsə təşəkkür edirik.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq daim sizinləyik!

Kateqoriya: Maraqlı
Sonrakı yazı
“Novruz günü bu şəhərdə budur adət…”  
Öncəki yazı
Bolnisidə avtomobil piyadanı vurub