Bu gün Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində Novruz bayramı qeyd olunub

60

Bu gün, 20 mart tarixində Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində Novruz bayramı qeyd olunub.

Tədbirdə Konqres və QafqazTürk Media nümayəndələri, iki dönəm Gürcüstan parlamentinin deputatı, Konqresin idarə heyətinin üzvü Ramiz Bəkirov, Gürcüstanın fəxri vətəndaşı, şair Səadət Buta, ziyalılar və gənclər iştirak ediblər.

 

GAK sədri Hüseyn Yusubov qonaqları salamlayaraq, onları bu gözəl bayram münasibətilə ürəkdən təbrik edib və Novruzun tarixindən danışıb.

“Mən ilk növbədə Gürcüstan azərbaycanlılarını, Azərbaycanda yaşayan qardaş-bacılarımızı və bütün Türk dünyasını səmimi qəlbdən təbrik edirəm. Novruz bayramının tarixi Dədə Qorquda qədər gedib çıxır, buna görə də ona ömür biçmək mümkün deyil. Səməni bizim üçün dəyərli simvoldur, bu gün o və milli şirniyyatlar masamızı bəzəyir. Bu gözəl gündə ziyalılarmız, ağsaqqal- ağbirçəklərimiz və gənclərlə bir yerdəyik.

Mən hər birinizin ailəsinə bol ruzi-bərəkət və gözəl günlər arzulayıram. Bu başlayan yeni il hər kəsə uğur gətirsin. Xüsusilə, gənclərimizin vətənimizə və xalqımıza layiq övladlar olacağına inanırıq. Bir daha bayramınız mübarək olsun!”

GAK-ın dəyərli nümayəndəsi, sabiq deputat Ramiz Bəkirova söz verilib.

“Novruz bayramı bizim milli varlığımızın nişanəsidir, əzizdir. Bütün dünyaya uğurlu və düşərli olsun. Hər bir ailəyə sevinc və xoşbəxtlik gətirsin. Allah dövlətimizi var etsin, biz hər il öz milli-mənəvi dəyərlərimizi qoruyaraq ana vətənimiz Gürcüstanın müxtəlif bölgələrində yüksək səviyyədə qeyd edirik. Biz dövlətimizin yanındayıq, Allah gürcü-azərbaycan dostluğunu daim etsin”.

 

Gürcü xalqını təmsil edən, GAK-ın dəyərli üzvü Marina xanım da öz Novruz təbrikini iştirakçılara çatdırıb.

 

Gənclər də öz növbələrində bayram təbriklərini dilə gətiriblər.

Bayram təbriklərini Buta xanım özünün Novruz bayramına həsr etdiyi şeiri ilə tamamlayıb.

Gözəl süfrə ətrafında, mehriban ailə mühitində yeməklər yeyilib, yumurtalar toqquşdurulub, söhbət edilib.

Novruz bayramınız mübarək!

Kateqoriya: Maraqlı
Sonrakı yazı
21 mart tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Vladimir Zelenski Norveçdədir