Bu gün, sentyabrın 6-sı Ərbəin günüdür. Ərbəin İmam Hüseynin (ə.s) şəhadətə çatmasının 40-cı günüdür. Bu gün məscidlərdə əza məclisləri təşkil olunur. İbadətgahlarda xütbələr oxunub, ehsanlar verilir.
Ərbəin günü İraqın Kərbəla şəhərində, İmam Hüseynin (ə.s) hərəmi önündə 20 milyondan çox insan Həzrəti ziyarət edib, ona başsağlığı verməyə toplaşır. Dünyanın müxtəlif ölkələrində matəm yürüşləri keçirilir, Kərbəla şəhidlərinin xatirəsi anılır.
Hicrətin 61-ci ilində məhərrəm ayının 10-u Kərbəlada İmam Hüseyn (ə.s) və onun 72 səhabəsi Yezid ibn Müaviyə tərəfindən şəhid edilib. İmamın ailəsi isə əsir götürülüb. Şəhidlərin başları nizələr üstə İraqın şəhərlərinə aparılır ki, camaat bundan ibrət alsın və xəlifəyə qarşı qiyama qalxmasın.
Bu hadisə müsəlmanlar və xüsusilə Əhli Beyt (ə.s) aşiqləri üçün böyük faciədir. O gündən etibarən hər il məhərrəm ayı başlayandan səfər ayının 20-nə kimi, yəni Ərbəin gününədək müsəlmanlar matəm saxlayırlar.