Bu gün Azərbaycanın Milli Qəhrəmanı, adı dillərə dastan olan Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov 1988-ci il, fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur.
2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgəri xidmətini Azərbaycan Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirmişdir. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdur. Bir müddət mülki işlərdə fəâliyyət göstərdikdən sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlamışdır. Bir müddət sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirmişdir.
M.İbrahimov 2010-cu ilin, iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçəsini isə yaralamışdır. Azərbaycanın Milli Qəhrəmanı bu amansız döyüşdə şəhid olmuşdur.
Onun cəsədini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan tərəfi gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun cəsədlərini Azərbaycana təhvil vermişdir.
Mübariz İbrahimov 7 noyabr, 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalamışdır.
Biləsuvar rayonunda orta məktəbə və küçəyə, “Palmali” Şirkətlər Qrupuna məxsus tankerlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilmişdir.
Mübariz İbrahimovun əziz xatirəsi ona yazılan yüzlərlə şeirdə, hekayədə, kitablarda və mahnılarda daim yaşayacaq. O, təkcə bu günün deyil, gələcək nəsillərin də əsl qəhrəmanına çevriləcək.
Azərbaycan gəncliyi Mübariz İbrahimov kimi igidlərimizlə qürur duyur.