Göyərti və kələm növləri qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir.
Bu nəticəyə Avstraliyanın Edith Cowan Universitetinin alimləri gəlib və onların nəticələri Clinical Endocrinology & Metabolism (JCEM) jurnalında dərc olunub.
Təcrübədə 25 yaşdan yuxarı səkkiz mindən çox insan iştirak edib. Müşahidələr göstərib ki, qida rasionuna göyərti (kahı, ispanaq, rukula, şüyüd) və tərəvəzlərin (brokoli, Brüssel kələmi, gül kələm) əlavə edilməsi qanda şəkərin səviyyəsini normallaşdırır.
Bundan əlavə, insanın insulinə həssaslığı artır.
Tədqiqatın birinci mərhələsində alimlər subyektlərdən qida rasionunun keyfiyyətini qiymətləndirmək üçün xüsusi anketlər doldurmağı xahiş ediblər. Tədqiqatçılar iştirakçıların istehlak etdikləri göyərti və tərəvəzlərin miqdarını qiymətləndirməyə diqqət yetiriblər.
Daha sonra qlükoza və insulin səviyyələrini, həmçinin insulinə həssaslığı və beta hüceyrə funksiyasını ölçmək üçün qan nümunələri götürüblər.
Tədqiqat nəticəsində məlum olub ki, tərəvəz istehlakı qanda qlükoza səviyyəsinin aşağı düşməsi ilə, göyərti və tərəvəzlərin nisbətinin artırılması isə insulinə həssaslığın artması və normal hormon səviyyələri ilə əlaqələndirilir.