Borçalının Yusif Yusifli zirvəsi

108

Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində dəyərli ziyalımız, ədəbiyyatşünas, görkəmli maarif xadimi, təcrübəli pedaqoq, şair, yazıçı, el ağsaqqalı, unudulmaz yurdsevər insan Yusif Yusiflinin (14.V.1928 – 7.XI.2021.) anım günü tədbiri keçirilib.

Təntənəli tədbilri giriş sözü ilə GAK sədri Hüseyn Yusubov açıb. Hüseyn müəllim tədbir iştirakçılarını salamladıqdan sonra hər kəsə dəvəti qəbul edib gəldikləri üçün təşəkkür edib.

Hüseyn müəllim bildirib ki, bu gün bu tədbirdə o, Konqres sədri olaraq, Yusif müəllimin oğlundan çox, 60 illik pedaqoji fəaliyyətində minlərlə gəncin təlim-tərbiyəsinin təkmilləşməsinə, ziyalılar nəslinin püxtələşməsinə, xeyirxah bir ömür həsr etmiş Yusif Yusiflinin yetirib ərsəyə çatdırdığı gənclərdən biri kimi gəlib.

Sonra o, sözü məclis-proqramın aparıcısı, məktəb direktoru Hümbət Hüseynova verib.

Hümbət müəllim Borçalının Yusif Yusifli zirvəsindən söz açaraq, onun üçcildlik “Gürcüstan Azərbaycanlılarının ədəbiyyat tarixi” əsərindən, Maestro Niyaziyə həsr etdiyi sənədli povestdən, Borçalının qəhrəman oğlu, əfsanəvi partizan, istedadlı tənqidçi Abbas Kirəclinin həyat və yaradıcılığının geniş şərh edildiyi mükəmməl monoqrafiyadan, Mirzə Cəlilin, Ə.Haqverdiyevin qələm dostu, “Molla Nəsrədin” satirik jurnalının fəal əməkdaşı Mirzə Həsən Məcruhun yaradıcılığına aid təqdiqat əsərindən, unudulmaz İsa Sadiqə həsr etdiyi əsərdən danışıb.

Tədbir iştirakçılarından sabiq maarif müdiri və qubernator müavini Vaqif Mustafayev, Gürcüstan Birləşmiş Aşıqlar İttifaqının sədri Xəlil Hüseynov, tanınmış yazıçı Əli Abbas, ziyalı Səyyad Xəlilov, şair Lətif Ağaoğlu, şair Aslan Gorarxılı, məşhur fotoqraf, “Gürcüstan” qəzetinin əməkdaşı Nadir Bayramlı, ziyalı Yusif Məmmədov, şair Əflatun Hüseynoğlu, yazıçı Mustafa Sədioğlu, şair Qurbanəli İsgəndəroğlu, GAK-ın əməkdaşı İbrahimxəlil Məhəmmədəlioğlu, “Gürcüstan” qəzetinin bölgə müxbiri Şamil Ziyadəliyev öz çıxışlarında Yusif Yusifli ilə bağlı ürək sözlərini, xatirələrini söyləmiş, onun gürcülər və azərbaycanlılar arasında bir dostluq körpüsü olduğunu vurğulamışlar.

Nümunəvi insan olan Yusif müəllimin nümunəvi məktəb, bu gün də öz əhəmiyyətini itirməyən muzey və kitabxana yaratdığı da qeyd olunmuşdur.

Tədbirdə ustad aşıq Həvəskar Qurbanov Yusif müəllimin sözlərinə bəstələdiyi mahnlar oxumuşdur.

Azərbaycan televiziyasının Gürcüstan təmsilçiliyi üzrə əməkdaşı Ruslan Hasanovun rəhbərlik etdiyi çəkiliş qrupu Yusif Yusifliyə həsr olunmuş veriliş hazırlamışdır.

Qərara alınmışdır ki, dəyərli ziyalılarımıza həsr edilmiş belə tədbirlər bir ənənə halına düşsün.

Tədbirin sonunda maraqlı fikir mübadiləsi olmuş, xatirə şəkilləri çəkdirilmişdir.

GAK-ın Mətbuat Xidməti

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Kobuleti meri Levan Zoidze istefa verib
Öncəki yazı
Keçmiş müdafiə naziri İrakli Okruaşvili həbs edilib