Bolnisidə 9 körpünün tikinti və bərpasına 6 milyon lari vəsait ayrılıb
Bolnisi Bələdiyyəsi 9 körpünün tikintisi və bərpası üçün ümumilikdə 6 milyon lari vəsait ayırıb. Bu məqsədlə Bolnisi meriyası 22 may tarixində iki tender elan edib.
Birinci tender çərçivəsində 5 körpünün tikintisi və bərpası üçün 3 005 000 lari məbləğində maliyyə ayrılıb. Layihə çərçivəsində işlər aşağıdakı ünvanlarda görüləcək:
- Vanati kəndi yaxınlığında Bolnisistskali çayı üzərində yerləşən mövcud körpünün təmiri;
- Ratevani kəndində körpü keçidinin bərpası;
- Bolnisi şəhərində, Sioni küçəsində Maşavera çayı üzərindən keçən körpünün yenidən qurulması;
- Samtsverisi kəndində Bolnisistskali çayı üzərində yeni körpünün inşası;
- Raçisubani kəndində Maşavera çayı üzərindəki tağlı körpüyə paralel olaraq yeni körpünün tikintisi.
Bu tenderdə iştirak etmək istəyən şirkətlər öz müraciətlərini 11–16 iyun tarixlərində təqdim edə bilərlər. Qalib şirkət müqavilə imzalandıqdan sonra 270 gün ərzində layihəni başa çatdırmalıdır.
İkinci tender çərçivəsində isə 4 körpü ilə bağlı layihələr üçün 2 995 000 lari ayrılıb. Bu tenderə aşağıdakı işlər daxildir:
- Bolnisi şəhərində Qamsaxurdia küçəsində yerləşən Maşavera çayı üzərindəki mövcud körpünün bərpası;
- Tsiskvili küçəsi yaxınlığında yeni piyada körpüsünün inşası;
- Kvemo Bolnisi kəndində yeni körpünün tikintisi;
- Raçisubani kəndində yeraltı keçidin inşası.
Bu tender üzrə təkliflər 11–16 may tarixlərində qəbul olunub. Hər iki tenderin qalibləri işləri 270 gün ərzində tamamlamaq öhdəliyini daşıyır.