Bolnisidə Şəhid Sahib Daşdəmirovun ailəsi ziyarət olunub – FOTO

2

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları sentyabrın 23-də Bolnisi rayonunun Saraclı kəndindən olan Azərbaycan ordusunun kapitanı Şəhid Sahib Natiq oğlu Daşdəmirovun ailəsini ziyarət ediblər.

QafqazTürk.com xəbər verir ki, səfir Şəhidin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib. Xalqımızın öz Şəhidləri ilə qürur duyduğunu vurğulayıb.

Diplomat Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Gürcüstandan olan soydaşlarımızın rolunu xüsusi qeyd edib. Təkcə ikinci Qarabağ müharibəsi zamanı 22 soydaşımızın Şəhidlik zirvəsinə yüksəldiyini qeyd edib.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən dövlətimiz Şəhid və qazi ailələrinə, müharibədə xəsarət almış insanlara diqqət göstərir.

Səfirliyimiz dövlətimizin başçısının tapşırığına əsasən Gürcüstandan olan Şəhid ailələrinə aid məsələləri diqqət mərkəzində saxlayır. Gürcüstandan olan Şəhidlərimizlə bağlı kitablar hazırlanıb, filmlər çəkilib. Bu işlər bundan sonra da davam etdiriləcək, Şəhidlərimiz qəlblərdə daim yaşayacaqlar“, – deyə səfir Faiq Quliyev bildirib.

Səfir Bakıda olan Şəhidin atası Natiq Daşdəmirovla birbaşa telefon bağlantası qurub və bir daha ailəyə başsağlığı verib. Natiq Daşdəmirov və hazırda Saraclıda olan Şəhidin əmisi Qafqaz Daşdəmirov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və səfirliyə minnətdarlıqlarını bildiriblər.

Kənd ağsaqqalları adından çıxış edən Məhəmməd İsayev Şəhid kapitan Sahib Daşdəmirovun Saraclıda doğulduğunu, məktəb illərində hərbçi olmaq arzusunda olduğunu bildirib və onun özünü əsl vətənpərvər kimi göstərdiyini qeyd edib. Onun və bütövlükdə bütün Şəhidlərimizin qəhrəmanlığının digər yeniyetmə və gənclərimiz üçün örnək olduğu xüsusi vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan ordusunun Qarabağda keçirdiyi lokal antiterror tədbirlərinin tez bir zamanda qələbə ilə başa çatması soydaşlarımıza hədsiz sevinc yaşadıb.

Mərasimdə Bolnisi rayonunun ağsaqqalları, ziyalılar və kənd sakinləri iştirak ediblər.

0
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Marneulidə avtomobil qəzası baş verib
Öncəki yazı
Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu Bolnisinin fəxri vətəndaşlığına layiq görülüb