Another advertisement
Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanımızın son 200 illik tarixinə Qalib Sərkərdə kimi adını yazdıran Ali Baş Komandan keçmiş qaçqın və məcburi köçkünlərimizin yurd, torpaq həsrətinə son qoydu. Bu gün xalqımız dövlət başçımızın rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru dirçəltməklə, bu torpaqlara yenidən həyat verir. “Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq”.
Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib. Dövlət başçısı vurğulayıb ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı və turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək. Qarabağ və Şərqi Zəngəzurda sosial infrastruktur yaradılır, xəstəxanalar, məktəblər, idman obyektləri tikilir, yollar, tunellər, körpülər salınır, dəmir yolları çəkilir. Bütün elektrik təsərrüfatı yenidən qurulub, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü Laçında açılacaq. Məqsəd həyat əlaməti qaytarılacaq əraziləri ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlamaq, burada dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımı stimullaşdırmaq və dayanıqlı məskunlaşmanı təmin etmək kimi hədəflərin həyata keçirilməsində institusional baza yaratmaqdan ibarətdir. Zəruri infrastrukturdan danışarkən, yol və sudan başqa, işıq və qaz təminatı da ön planda yer alır. İşğaldan azad olunan ərazilərdə elektrik enerjisinin təminatı ilə əlaqədar görülən işlərin səviyyəsi həqiqətən də heyranedicidir. Bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm də kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan, bərpa işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çevriləcək. Bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının münbit torpağı, zəngin təbiəti, o cümlədən su ehtiyatları kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan yaratmaqla məhsuldarlığı da artıracaq. İşğaldan azad olunmuş ərazilər iqtisadi potensialı ilə yanaşı, eyni zamanda aqrar sektorda, əsasən də buğda və taxıl istehsalında xüsusi paya malikdir. Füzuli, Ağdam və digər rayonlarımızda daha yüksək məhsuldarlıqla taxıl istehsalını təşkil etmək mümkündür. İlkin qiymətləndirmələr göstərir ki, bərpa və yenidənqurma prosesindən sonrakı mərhələdə bütövlükdə bu ərazilərdə 1 milyard manatlıq kənd təsərrüfatı məhsulları yetişdirmək mümkün olacaq ki, bunun da əhəmiyyətli hissəsini buğda və taxıl təşkil edəcək. Artıq bu ərazilərdə ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına da start verilib. Bunlardan biri də aqroparkların qurulmasıdır. Bu məqsədlə, bölgəyə xarici şirkətlərin də sərmayə yatırmasına şərait yaradılır. Zəngilan rayonunda Türkiyə və Azərbaycan şirkətlərinin birgə müəssisəsi olan “Dost Aqropark” adlı “ağıllı kənd təsərrüfatı” kompleksinin açılışı da bundan xəbər verir. Türkiyə və Azərbaycan prezidentlərinin birgə açılışını etdiyi bu aqropark əsasən heyvandarlıq və əkinçiliklə məşğul olacaq. İşğaldan azad edilmiş ərazilər bərpaolunan enerji mənbələri ilə də olduqca zəngindir və həmin ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə imkan verir. İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-dək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt gücündə külək elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, ölkə Prezidenti tərəfindən işğaldan azad edilmiş ərazilər də “yaşıl enerji” zonası elan olunub. Bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində “Yaşıl Enerji Zonası” Konsepsiyası hazırlanıb. Zəngəzur dəhlizi digər infrastruktur layihələrilə yanaşı, enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac edilməsi də nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan MR-ə çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsi turizm potensialı baxımından olduqca zəngindir. Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib. Bütün gözəlliklərin cəm olduğu ərazilər istər təbii ehtiyatlar, istərsə də sənaye mərkəzlərinin inkişafı baxımından ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayacaq. Dövlətin apardığı islahatlar və irimiqyaslı layihələr nəticəsində yaxın gələcəkdə Qarabağ nəinki Cənubi Qafqazda, bütün dünyada turizm imkanlarına görə tanınacaq. İşğaldan azad edilən ərazilərdə işlər sürətlə davam edir. Bu yerlərdə mövcud şərait baxımından müxtəlif turizm növlərini inkişaf etdirmək mümkündür. Yaradılacaq turizm bazaları həm də yerli əhalinin həyat tərzinə müsbət təsir göstərəcək. Çünki əraziyə gələn turistlər hotel və sanatoriyalarla yanaşı, fərdi evlərdə də qalacaqlar. Qarabağın turizm potensialı olduqca zəngindir, burada ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm bazalarını daha modern, müasir üslubda formalaşdırmaq üçün bölgənin coğrafi mövqeyi də olduqca əlverişlidir. Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək. Təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkandır. İşğaldan azad olunmuş ərazilərimizdə turizm infrastrukturunun qarşılıqlı əlaqə şəklində qurulması vacibdir. Şuşa Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək. Xüsusilə, Kəlbəcər və Laçın rayonları ekoturizm və müxtəlif turizm növlərini inkişaf etdirmək üçün yüksək dağlıq relyefə malikdir. Qarabağ zonası xüsusilə mineral sularla zəngindir. Aşağı İstisu, Qotursu, İlıqsu, Şırlan, Turşsu və bir çox mineral bulaqlar var. Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçında İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi. Buradakı “İstisu” mineral suları ilə xəstəliklərin müalicəsi mümkün idi. Hətta orada kurort və mineral sudoldurma zavodu da tikilmişdi. Aparılan böyük tikinti-quruculuq işləri nəticəsində həmin sənaye müəssisələri və bir sıra istirahət zonaları bərpa ediləcək. Mütəxəssislərin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Bu mənada, ərazidə gələcəkdə Qafqazın ən böyük turizm mərkəzini yaratmaq mümkündür. Bölgə mineral sularla zəngin olduğundan, ölkəmizdəki müalicə turizminin təşkilində önəmli rol oynayacaq. Qarabağda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri – ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası hazırlanıb. Bu imkanların reallığa çevrilməsi üçün əsas vəzifə düşmənin 30 ilə yaxın bir müddətdə viran qoyduğu əraziləri yenidən qurmaqdır. Azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa yerli və xarici turist axını gözlənilir. Yaxın illərdə Qarabağ regionu Azərbaycan turizmində birinciliyi ilə seçiləcək. Bu mənada, bölgədə turizmin inkişafı istiqamətində önəmli addımlardan biri də yol infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğun qurulmasıdır. Elə bu məqsədlə də Qarabağın hava qapısı adlanan Füzulidə ilk beynəlxalq hava limanı tikilib istifadəyə verildi. Zəngilan və Laçın beynəlxalq hava limanları da turizmin inkişafı istiqamətində böyük əhəmiyyətə malikdir. Eyni zamanda “Qafqaz Albaniyası turizm marşrutu” da Qarabağın tarixini saxtalaşdıran erməni yalanlarının ifşası baxımından mühüm rol oynayacaq. Marşrut Qafqaz Albaniyasını araşdıran alimlərin məsləhət və tövsiyələri əsasında hazırlanır. Alban mədəniyyəti marşrutu Azərbaycanın 3 əsas dəhlizini — Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və Qarabağı əhatə edir. Alban mədəniyyətinin izləri Qarabağda və Şərqi Zəngəzurda daha çoxdur. Burada Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, həmçinin adət-ənənələr və s. daxildir. Qeyd edək ki, qədim Alban mədəniyyətinin izi ilə yaranacaq turizm marşrutu ölkəmizin, həmçinin Qarabağın zəngin və tarixi turizm potensialının tanıdılması istiqamətində xüsusi əhəmiyyət kəsb edəcək. Qarabağın mövcud turizm potensialının tanıdılması üçün zəruri turizm infrastrukturunun yaradılması istiqamətində gərgin işlər davam edir. Xüsusi vurğulamaq lazımdır ki, turizmin iqtisadi tərəfi ilə yanaşı, tanıtım tərəfi də vardır. Turistlər həm Qarabağımızda dincələcək, təbiətin gözəlliyindən, mədəni-tarixi abidələrimizdən, yaradılmış əlverişli mühitdən zövq alacaq, həm də Ağdam, Cəbrayıl, Füzuli kimi ərazilərimizdə işğalın nəticələrini göstərmək üçün eksponat kimi nümayiş olunacaq bəzi tikililərlə də tanış olmaqla Qarabağın erməni barbarları tərəfindən hansı vəziyyətə salındığının, indi isə əsl sahibləri tərəfindən necə abadlaşdırıldığının əyani şahidi olacaqlar. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı ilə bağlı planlar genişdir. Yaxın 4 ildə daxili və xarici turistləri nəzərə alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir.
Cavid Şahverdiyev
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi