İranın nüvə proqramı ilə bağlı 10 illik beynəlxalq razılaşmanın tərkib hissəsi kimi ləğv edilmiş BMT-nin iqtisadi və hərbi sanksiyaları yenidən bərpa olunub.
Məlumata əsasən, bu addım sazişin üç Avropa tərəfdaşı – Böyük Britaniya, Fransa və Almaniyanın “snapback” mexanizmini işə salmasından sonra qüvvəyə minib. Avropa ölkələri İranı nüvə eskalasiyasını davam etdirməkdə və əməkdaşlıqdan imtina etməkdə ittiham ediblər.
Üç ölkənin birgə bəyanatında qeyd olunur ki, “İran öhdəliklərini dəfələrlə pozduğuna görə, E3-ün snapback prosedurunu işə salmaqdan başqa yolu qalmadı və nəticədə qətnamələr qüvvəyə mindi”.
Bununla belə, London, Paris və Berlin danışıqları davam etdirməyə hazır olduqlarını vurğulayıblar. Onların sözlərinə görə, BMT sanksiyalarının bərpası diplomatiyanın sonu demək deyil və İran gərginlik yaradan addımlardan çəkinməyə çağırılır.