‘Bu gün biz diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi barədə razılığa gəldik”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaia Kallas Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gürcüstanda vəziyyət müsbət istiqamətdə inkişaf etmir, buna cavab olaraq Avropa İttifaqı artıq siyasi əlaqələri azaldıb və Avropa Komissiyası artıq Gürcüstanın diplomatik pasportlarına malik olan şəxslər üçün vizasız rejimin dayandırılması təklifini təqdim edəcək.
“Gürcüstan xalqı üçün vəziyyət müsbət istiqamətdə inkişaf etmir, demokratik ölkələr müxalifətin səslərini boğmur və media azadlığını məhdudlaşdırmır. Buna cavab olaraq biz siyasi əlaqələri azaldıb Gürcüstan hökumətinə maliyyə ayırmağı dayandırdıq. Bu gün biz diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi barədə razılığa gəldik və Komissiya təklifi artıq bu il təqdim edəcək. Biz həmçinin dinc nümayişçilərə qarşı zorakılığın arxasında duran Gürcüstan rəsmilərinə qarşı sanksiyaların tətbiqi məsələsini də müzakirə etdik”, – Kaia Kalas bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı gürcü xalqının yanında olmağa davam edəcək.
“Gələcəkdə biz gürcü xalqını dəstəkləməyə davam edəcəyik, o cümlədən hökumət üçün nəzərdə tutulan maliyyəni vətəndaş cəmiyyətinə və gürcü xalqına, müstəqil mediaya yönəldəcəyik, çünki Gürcüstanın gələcəyi gürcü xalqından asılıdır”, – Aİ-nin Ali Başçısı vurğulayıb.