This is a specific ad

Bir az da poeziya – Zəlimxan Yaqub

89

Another advertisement

Zəlimxan Yaqub

PORTRET
Mən bir dağ çayıyam, dağ bulağıyam,
Mənim çoxalmağım, azalmağım var.
Gəlir bu bağların təbiətindən,
Coşub-daşmağım var, sozalmağım var.

Sözdən öz ömrümə bir heykəl yonub,
Gözəllik önündə heyrətdən donub,
Arıtək çiçəkdən-çiçəyə qonub,
Dədə ocağından köz almağım var.

Suyam – damla-damla daşdan çıxmışam,
Gözəm, göz yaşıyam, yaşdan çıxmışam.
Bir qarlı, boranlı qışdan çıxmışam,
Təzə çiçəklənib yaz olmağım var.

Duyğular bağında güllər bitirib,
Bir ömrün içində min ömür sürüb,
Şairtək əlinə qələm götürüb,
Aşıqtək sinəmə saz almağım var.

Bənzər xəyalımız uçan quşlara,
Tarix qiymət verər uca başlara.
Ulu qayalara, qızıl daşlara,
Qədim əlifbatək yazılmağım var.

BU DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM

Mənim yaşım uşaq yaşı deyil ki,
Hər ağacın meyvəsini dərmişəm.
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya vermişəm.

Baxmamışam şeytanların sözünə,
Düz baxmışam həqiqətin gözünə.
Ömrüm boyu sevənlərin üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.

Bu yollarda kim ayılan, kim yatan,
Arzulara kim çatmayan, kim çatan.
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.

Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.

ŞAİR

Demək halalına haramlıq qatıb,
Tutduğu zirvədən enirsə şair.
Demək ortalıqda şeytan işi var,
Kor qalan ocaqtək sönürsə şair.

Səsi dağdan gəlir, arandan gəlir,
Sədası İrandan, Turandan gəlir.
Mayası Ayədən, Qurandan gəlir,
Yenilməz zamanı yenirsə şair.

Ruhu olmayanın tərpənməz tükü,
Ürəyi olanın sevgidir yükü.
Dərin bir keçmişə bağlıdı kökü,
Ürəkdə heykələ dönürsə şair.

Saflığı dağların dümağ qarıdı,
Yönü düzə sarı, haqqa sarıdı.
Dediyi Allahın kəlamlarıdı,
Peyğəmbər dilində dinirsə şair.

Kateqoriya: Ədəbiyyat
Sonrakı yazı
Türkiyə ordusundan sərt cavab – 26 terrorçu məhv edildi
Öncəki yazı
UEFA Konfrans Liqası: “Beşiktaş” İsveçrə klubuna uduzdu