Bir az da poeziya – Nəriman Həsənzadə

0

Nəriman Həsənzadə

Nə qəribədir

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri, yad ehtiramla,
Deyirlər tanış ol., Nə qəribədir ?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim, bu, yadındadır,
Gedərdik ,yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
Toxunsa, biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, Görəsən məni?

Qızlardan Oğlanlara

Oğlanlar,qızlara hörmət eyləyin,
Ya sevin qızları,ya rədd eyləyin.
Aldadıb atmayın,günahdı qızlar,
Sabahkı ən əziz anadı qızlar.

Səsində həya var ,gözündə ovsun,
Evdə dilavərdi,çöldə lal olur.
Gözünüz qızların gözündə olsun,
O gözdə daimi bir sual olur.

Qızlar anadılar,oğlanlar ata,
Kim deyir, bu işi bir əyən olmur?!
Qızların qız baxtı gözəl olsa da,
Gəlinlik baxtları müəyyən olmur.

Fikirə öyrəşir,qəmə qatlaşır,
Qəlbində yaşadır, sirrini təkcə.
Öz ata evində qızlar yadlaşır,
Yad oğlan evinə meyl elədikcə.

Qəlbini sevdiyi oğlana deyir,
Ancaq rəfiqəsi soruşsa,danar.
Özgə anasına qız ana deyir,
Özgə atasına qız olan qızlar.

Qızlar aldanandı ,siz aldatmayın,
Aldanıb yananın qanı buz qalar.
Qolları üstündə gedib yatmayın,
Yazıqdı, əbədi yuxusuz qalar.

Görüşə getməyin ürək sevməsə,
Sözümü , a qızlar ,ucuz tutmayın.
Ürəkdən çəkirik, nə çəkiriksə,
Bunu da həyatda siz unutmayın.

0
1
Kateqoriya: Ədəbiyyat
Sonrakı yazı
“Beşiktaş”ın baş məşqçisi istefa verib
Öncəki yazı
2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti dəyəri