30 ildən sonra
30 ildən sonra gəldik üz-üzə,
Lal-dinməz dayanıb baxdıq göz-gözə.
Sanki qovuşmuşdu gecə-gündüzə,
Əllər qucmaq üçün çox tələsirdi.
Dodaqlar titrəyib dillər əsirdi.
Körpəcə qız idin 30 il əvvəl,
Yox idi dünyada, bil, səndən gözəl.
Heyif o illərə çatmaz bir də əl,
Sevincdən titrəyib tellər əsirdi,
Üzümə dəymək üçün tel tələsirdi.
Vağzal “Böyük kəsik” Bakı qatarı,
Gözüm səni seçdi – nazlı nigarı.
Demək davam edir ömrün baharı,
Görüşə can atan əllər əsirdi,
Əlimə dəymək üçün əl tələsirdi.
Qeybdən səs gəldi, oyan, -dedilər,
Cilovla hissini, dayan, -dedilər.
Sizi görüşdürdü, zaman, -dedilər,
Sinələr qabarıb, bellər əsirdi,
Təməsa həsrət tək bel tələsirdi.
Qatar şütüyürdü şəhərə doğru,
Gecə əriyirdi səhərə doğru,
Hisslər də şübhəsiz zəfərə doğru,
Beynimdə min fikir –yellər əsirdi,
Yellər mənim kimi çox tələsirdi.
Nəhayət dil açıb sükutu pozduq,
Bu qəza-qədəri min yerə yazdıq.
Olub keçənləri min cürə yozduq,
Günahkar-günahkar illər əsərdi,
İllərə nə var ki, çox tələsirdi.
09.09.2009.
Adsız şeir
Bu rəqs gecəsində səndən gözəl yox,
Barı, düşündünmü gözə gələrsən.
Gözə gəlimlisən sən həddindən çox,
Qəfil söz atarlar sözə gələrsən.
Heç zaman gəl olma özündən razı,
Hər üzə gülənə etməynən nazı.
Özünü ələ al, zalımın qızı,
Alışıb yanarsan közə gələrsən.
Özündən razısan, dəymə düşərsən,
Həddindən ziyada gülməkərsən.
Bir gün anlayarsan, başa düşərsən,
Çətin ki, sən onda üzə gələrsən.
Deməynən İlyasın götürmür gözü,
Heç vaxt yalan çıxmaz şairin sözü.
Sənə nəsihətim, bax, budur düzü,
Salmısan çoxunu gözüm çıxdıya.
Toxunar bəd nəzər gözə gələrsən.
25.11.2015
Sən mənim hər şeyim
Elə bağanmışam sənə gözəlim,
İnan, ovsunundan çıxa bilmirəm.
Surətin gözümə həkk olunubdu
Başqa gözəllərə baxa bilmirəm.
O qədər doğmasan, mənə əzizsən,
Köksümdə döyünən sanki ürəksn.
O qədər nəcibsən, safsan, təmizsən,
Sən mənim gözümdə huri, mələksən.
Axı necə doyum şirinsən şirin,
Mənə də pay düşüf şirinliyindən.
Baxışın almdir, düşüncən dərin,
Batmışam gözünün dərinliyində.
Gözüm səni seçib, səni bəyənib,
Ürək bircə gün də döyünməz sənsiz.
Gözündən gözümə nurlar ələnib,
Könlüm fərəhlənib öyünməz sənsiz.
Sən oldun həyata mənim baxışım,
Sənsiz yaşamaram , inan, bircə gün.
Sən mənim ömrümə bəzək, naxışım,
Sənsiz gərək deyil nə toy, nə düyün.
Sən mənim hər şeyim eşit, agah ol,
Sənsiz nəyə gərək mal – dövlət, sərvət.
İlyasa Günəş ol, nurlu sabah ol,
Bir azca sevgi ver, bir az məhəbbət.
22.10.2020.