Nəm salfetlər gündəlik həyatda ən çox istifadə edilən təmizlik vasitəsidir. Evin, iş masalarının tozunun alınmasında, yeməkdən əvvəl və sonra əllərin silinməsində istifadə olunur. Lakin təmiz və gigiyenik hesab olunan salfetlərin zərərli tərəfləri də var.
Nəm salfetlər azyaşlı övladı olan valideynlər üçün daha rahat və əlverişli sayılsa da, uşaqların dərisinin daha həssas olduğunu nəzərə alsaq, kimyəvi maddələrin onlara vurduğu zərəri təxmin etmək elə də çətin deyil.
QafqazTürk.com AZƏRTACa istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə nəm salfetlərdə olan xlor, parabenlər və benzoy spirti uşaqların dərisində əksər hallarda dəri xəstəliklərinə, xüsusilə kontakt allergik dermatitlər və bəzən ekzemalara səbəb olur.
Salfetin tərkibində olan parabenlərin müxtəlif qoxuları var və onlar astma xəstəliyi yarada bilər.
Nəm salfetlərdən istifadə ediləndən sonra quru salfet və ya adi su ilə təmizləmək çox vacibdir. Mütəxəssislər tövsiyə edirlər ki, bu cür salfetlərdən istifadəni azaltmaq çətindirsə, tərkibində ətir və spirt olmayan salfetlərdən istifadə olunsun. Üzərində istehsal və son istifadə tarixi yazılmayan yaş salfetdən ümumiyyətlə istifadə etmək olmaz.
“Hər dəfə gigiyenik vasitə kimi tualet kağızı əvəzinə nəm salfetlərdən istifadə edilməsi uşaqların büküş nahiyələrində nəm mühit yaradır. Ona görə də 5 yaşınadək uşaqların ondan istifadə etməsi məsləhət deyil. Doğrudur, söhbət heç də bütün nəm salfetlərdən getmir. Salfetlərin üzərində onların tərkibi, xüsusiyyətləri haqqında yazılanları da var lakin bunların əks olunmadığı və gigiyenik baxımdan sağlam hazırlanmayan salfetlər təhlükə yarada bilər“.